"Azərbaycanda jurnalistikanın inkişaf perspektivləri ümidvericidir" - ŞƏRH ÖZƏL

3 İyul 2020 11:54 (UTC+04:00)

"Prezidentin 145 illik yubiley barədə sərəncamı ölkəmizdə dövlətin mediaya, xüsusən də çap mətbuatına dəstəyinin davamlı prosesə çevrildiyinin bariz nümunəsidir. Azərbaycanda milli mətbuat tarixinə dövlətçiliyin önəmli istiqaməti kimi baxıldığı bir daha təsdiqlənir. Milli mətbuat tariximizin qiymətli mənəvi irs kimi qorunduğu Prezidentin sərəncamı ilə bir daha təsdiqlənir. Bu sərəncam Azərbaycan mediasına, xüsusən çap medianın ümummilli nailiyyət kimi hər zaman qorunub saxlanacağına Prezidentin şəxsində təminat olduğunu nümayiş etdirir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, sərəncam çərçivəsində görülən işlər və tədbirlər medianın bu günkü vəziyyətini dərin təhlil etməyə, ən qabarıq təmayülləri müəyyən etməyə və pis-yaxşı perspektivləri daha yaxşı təyin etməyə kömək edəcək: "Milli mətbuatın yubileylərinin dövlətçilikdə ənənə şəkli alması, Azərbaycanın həm də beynəlxalq nüfuzuna müsbət təsirini göstərir. Dövlət başçısının yubiley sərəncamı mətbuata və jurnalistikanın inkişafına güclü həvəsləndirici təsir gücünə malikdir. Jurnalistikanın bir peşə kimi daha yüksək ictimai hörmət qazanmasına da bu sərəncam təsirsiz ötüşməyəcək. Azərbaycanda jurnalistikanın inkişaf perspektivləri dünyada nisbətən ən ümidvericilər sırasındadır. Çünki bizim jurnalistikanın tarixi ənənəsi var, dövlətçiliyə bağlılıq vərdişləri xüsusilə son on illiklərdə daha dərinləşib, ən əsası isə peşəkarlıq və dövlətin dəstək mexanizmi var".

Politoloq bildirib ki, dövlət dəstəyi olmasa jurnalistikanın və peşəkar-dövlətçi medianın da gələcəyi yoxdur: "Ancaq jurnalistikamız mümkün qədər novator olmağa çalışmalı, inersiyadan uzaq olmalıdır. Sosial şəbəkə fəallıqları arasında əsl jurnalistikanın öz dəyər və üsullarını itirə biləcəyinə böyük təhlükə kimi baxıram. Əsil jurnalistika ilə şəbəkə fəallığını prinsipial olaraq bir-birindən fərqləndirməsək jurnalistikanın gələcəyinə optimist yanaşmaq çətin olacaq. Əsil jurnalistikanı və buna söykənən mətbuatı ictimai rəyin formalaşmasının əsas mənbəyinə çevirməli və ictimai rəyi bayağı sosial şəbəkə hay-küyünün əsarətindən qurtarmalıyıq. İctimaiyyətdə bəzən sosial şəbəkə əyləncələrini ictimai fikir və ictimai rəylə qarışlq salırlar. Bu qətiyyən belə deyil və ziyanlıdır. Sosial şəbəkələr ictimai rəy yox, ölçü-biçisi olmayan kütlələrin fikir meydanıdır".

A.Quliyev vurğulayıb ki, əsl jurnalistikanı və əsl mediaçılığı bu bəladan qorumağın tutarlı yolu dövlətin dəstəyinin fasiləsiz proses kimi davam etdirilməsidir: "Dövlətin dəstəyi olmayan media güclü ola, hətta mövcud ola bilməz. Prezidentin sərəncamı mediaya xüsusən mətbuata dövlət dəstəyindən qıcıq yaşayanlara tutarlı zərbə oldu. Azərbaycanda fikir və söz azadlığının mütləq üsulu çap mediası, internet resurslarına sərbəst çıxış və qanunla insanların yaradıcılığı məhdudlaşdıran normativlərin olmamasıdır. Ölkədə fikir və söz azadlığını xaosa çevirmək cəhdlərinə qarşı inzibati və qanuni üsulların mövcudluğu zəruridir. Azərbaycan mətbuatı əxlaqlı, peşəkar, real, dövlətçi fikir və sözün üstündə yaşayır. Mətbuatda fikir və söz azadlığının mahiyyəti bu cür qavranmalıdır".