"Hələ də marketlərdə, apteklərdə maska taxmayanlara rast gəlinir" ÖZƏL-MÜNASİBƏT

3 İyul 2020 11:41 (UTC+04:00)

Karantin rejiminin sərtləşdirilməsinə, sanitar - epidemioloji normaların pozulmasına görə tətbiq olunan cəza və cərimələrin ağırlaşdırılmasına baxmayaraq, hələ də marketlərdə, apteklərdə və digər qapalı məkanlarda maska taxmayan, fiziki məsafə saxlamayanlara rast gəlmək olur. Karantin rejiminə nəzarət edən daxili işlər orqanlarının gündəlik stasistikası da bunu sübut edir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

"Deməli, görünən odur ki, bu işi təkcə inzibati yolla tənzimləmək yetərsizdir. İnsanların qəlbinə, beyninə yol tapacaq, hər kəsin yaxşı başa düşə biləcəyi dildə mütəxəssis açıqlamalarına, müdrik elmi- tibbi söhbətlərə böyük ehtiyac var, xüsusilə də geniş auditoriyaya malik televiziyalarımızda. Əfsuslar olsun ki, telekanalların bir çoxu sözügedən məsələdə əməlli - başlı axsayırlar. Fəaliyyətləri çal-çağırdan, ucuz şoulardan, xırda məişət problemlərindən bəhs edən verilişlərindən ibarət olan bəzi televiziyalar Ictimaiyyətin irad və qınaqlarına baxmayaraq, mövcud çağırışlara cavab verə bilmirlər.

Pandemiya öz yerində, axı, biz həm də müharibə şəraitində olan bir ölkəyik. Unutmayaq ki, torpaqlarımızın 20%-i erməni tapdağı altında inləyir, bir milyon soydaşımız qaçqın, köçkün həyatı yaşayır. Hələ mən əsirlikdə olan ana - bacılarımızı, övladlarımızı demirəm. Burada Şeyx Şamilin hələ iki əsr bundan əvvəl söylədikləri yada düşür: "Qadını əsirlikdə olan bir xalqın çalıb -oynamağa, ürəkdən gülməyə haqqı yoxdur..."-deyə, partiya sədri fikrini tamamlayıb.