"Prezident hər bir sahəni diqqətdə saxlayır" ÖZƏL-MÜNASİBƏT

2 İyul 2020 17:28 (UTC+04:00)

"Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam Azərbaycan mediası üçün mövcud dönəmdə yol xəritəsi, istiqamətverici mayak rolunu oynayır". Bunu SİA-ya Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, bu sərəncamda üç mühüm istiqamət əksini tapıb: “Birinci məqam odur ki, Prezident Azərbaycan mediasının keçdiyi yola nəzər yetirir, ölkə jurnalistlərinin fəaliyyətini yüksək dəyərləndirir. Bu yanaşma ölkə jurnalistlərində ruh yüksəkliyi yaradır.

İkinci məqam odur ki, Prezident mediamızın inkişıfnın istiqamətləri, diqqət yetirməli olduğumuz məsələlər barədə tövsiyələrini verir. Qeyd edir ki, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Sərəncamda xüsusi olaraq vurğulanır ki, modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır.

Üçüncü məqam Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunmasıdır. Burada COVID-19 pandemiyası ilə bağlı şərait nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması üçün təkliflər qəbul ediləcək. Dünyanın COVID-19 pandemiyası ilə çarpışdığı, yüzlərlə problemin gündəmdə olduğu bir vaxtda Prezident İlham Əliyevin bu sərəncamı imzalaması, onun səriştəli fəaliyyətinə, hər bir sahəni diqqətdə saxlamasına nümunədir”.