Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib

2 İyul 2020 15:10 (UTC+04:00)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə böyük Azərbaycan şairi, pedaqoq və XX əsr repressiya ədəbiyyatının tanınmış nümayəndəsi Mikayıl Müşfiq haqqında Vikipediya Beynəlxalq Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, AMM-nin Vikipediya könüllüləri tərəfindən yaradılan bölmədə Azərbaycan poeziyasının inkişafında böyük rol oynayan şairin həyatı, yaradıcılığı, repressiya dövründə fəaliyyəti, yaratdığı əsərlər haqqında məlumatlar yer alıb.

Bölmədə, həmçinin qeyd olunur ki, XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirilməsi və irsinin təbliği məqsədilə Azərbaycanda dövlət tərəfindən mühüm işlər görülüb.

Şair Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə ona ölümündən sonra bəraət verilib.

Azərbaycan Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarına əsasən Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil olunub.

Bakı şəhərində Mikayıl Müşfiqin büstü ucaldılıb, Qaradağ rayonunda qəsəbəyə şairin adı verilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ədibin 100, 110 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd olunub.