"COVID-19-a qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaqdır" Vüqar Rəhimzadə

1 İyul 2020 17:55 (UTC+04:00)

"Günümüzün əsas məsələsi olan koronavirusla mübarizə ilk gündən zəruri olan qaydalara yüksək səviyyədə əməl edilməsini bir tələb kimi qarşıya qoydu. Amma müqayisəli təhlil əsasında görə bilərik ki, əksər ölkələr iqtisadi amili önə çəkərək insanların sağlamlığının təminatını arxa plana keçirməklə vəziyyətin daha da ağırlaşmasına, yoluxma və ölum hallarının artmasına şərait yaratmış oldular. Hər bir ölkənin səhiyyə sisteminin aydın mənzərəsini ortaya qoyan COVID-19-la mübarizə bir daha bu reallığı təsdiqlədi ki, dünyanın inkişaf etmiş ölkələrinin belə səhiyyəsi bu kimi hadisələrə cavab vermək imkanında deyil. Bu, məsələnin bir tərəfidir. Digər əsas məqam isə dövlət-vətəndaş birliyinin yaradılması fonunda özünütəcrid qaydalarına əməl olunması, bununla da hər bir vətəndaşın özünü qoruması ilə yanaşı, ətrafındakıları, doğmalarını qorumaq imkanı əldə etməsidir. Azərbaycan ilk gündən bu yolu seçdi. "Biz birlikdə güclüyük!" çağırışı ilə bütün ölkə vətəndaşlarını səfərbər edən dövlətimizin başçısı İlham Əliyev vətəndaş məsuliyyətinin artırılmasını prioritet məsələ kimi öndə saxladı. Elə bu gün daha çox diqqət tələb edən məsələ də məhz budur". Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanan zaman digər ölkələr kimi, Azərbaycan da bu xəstəlikdən qorunmaqda əsas amil olan tibbi maska çatışmazlığını yaşadı: "Lakin ilk andan insanların sağlamlığının təminatını əsas götürən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq tez bir zamanda Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başladı. Müəssisənin açılışında çıxış edən dövlətimizin başçısı bildirdi ki, tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır. Əsas məqsəd insanların sağlamlığının təmin edilməsi, virusa yoluxmanın coğrafiyasının genişlənməməsinə nail olmaqdır".

"Qeyd etdiyimiz kimi, hazırda hətta ən inkişaf etmiş ölkələr belə bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır. Azərbaycan ilk gündən bu ümumbəşəri bəladan az itki ilə çıxmağı qarşıya mühüm hədəf kimi qoyaraq, malik olduğu bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Ona görə də koronavirus xəstələrinə yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir 20 xəstəxanası onların ixtiyarına verilib. Yüksək ixtisaslı həkim heyəti bu xəstələlərə lazımi səviyyədə xidmət edir, sağalıb evlərinə qayıtmaları, yenidən xoş ovqatla həyatlarını davam etdirmələri üçün əllərindən gələni edirlər. Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı COVID-19-a qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədinə çatmaq üçün mühüm addım kimi dəyərləndirildi. Bu məqsədlə hər birində 200 çarpayı olan modul tipli 10 xəstəxananın quraşdırılması nəzərdə tutulur ki, artıq bunlardan 5-i istifadəyə verilib", söyləyən V.Rəhimzadə bildirib ki, dövlətimiz üzərinə düşən bütün vəzifələri insanlarda böyük ruh yüksəkliyi yaradan səviyyədə həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyev hər zaman olduğu kimi, bu gün də, yəni pandemiya dövründə də hər bir vətəndaşının yanında olduğunu nümayiş etdirir. Əsas olan dövlətimizin bu addımlarına dəstək vermək, üzərimizə düşən vətəndaşlıq borcumuzu yerinə yetirmək, sağlamlığımızın keşiyində dayanmaqla yoluxma hallarının azalmasına şərait yaratmaqdır: "Sərt karantin rejiminin tətbiqi şəraitində Azərbaycanda yoluxma hallarının kiçik rəqəmlərlə ifadə olunması diqqətdən kənarda qalmadı. Bu müsbət dinamika mayın əvvəlində karantin rejiminin yumşaldılmasına yol açdı. Amma bu günün statistikası göstərir ki, yoluxma halları gündən-günə artmaqdadır. Vəziyyətin bu şəkildə davamı karantin rejiminin yenidən sərtləşdirilməsini, karantin qaydalarını pozanlara qarşı cərimələrin artırılmasını zərurətə çevirdi".

Baş redaktor qeyd edib ki, virusa yoluxma hallarının artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. Bu yoluxmanın "qəhrəmanlarına" çevrilməmək üçün sadə bir qaydaya riayət etmək kifayətdir. Tibbi maskadan istifadə etməklə həm özümüzü, həm də ətrafımızdakı insanları yoluxmadan xilas edə bilərik: "Gündəlik hər bir birimizin istifadə etdiyi avtobus marşrutlarına, metroya daxil olarkən təbliğat xarakterli, hər birimizə çağırış olan bu fikirləri eşidirik: - Maskadan istifadə edək, sağlamlığımızı qoruyaq, sosial məsafə saxlayaq. Qoruyucu vasitələrdən istifadə etməmək yoluxmaya əsas səbəb olan amillərdəndir. Təəssüflər olsun ki, hər kəsin öz əlində olan, amma özümüzün çətinləşdirdiyimiz virusdan qorunmağımız üçün maskadan istifadə etmək üçün bizə kənardan çağırış edilir. Utanverici amil deyilmi? Ola bilməz ki, marşrutlara maska ilə daxil olaq, "hörmətli sərnişin, maskanızı taxın" müraciətini eşitməyək. Yaxud maskadan istifadə edib cərimələrin tətbiqi ilə üzləşməyək? Təəccüb doğuran digər amil isə hələ də bəzi vətəndaşların koronavirus pandemiyasına şübhə ilə yanaşmaları, özləri, yaxınları, ətrafları üçün ciddi təhlikə yaratmaqda davam etmələridir. Diqqət çəkən, ikrah doğuran məqamlardan biri də maskadan istifadə edənlərin başqaları tərəfindən isteza ilə qarşılanmasıdır. «Koronavirus varmı» kimi çaşqınlıq yaradacaq suallar səsləndirib karantin qaydalarına yüksək səviyyədə əməl edən vətəndaşlara mane olmaqdansa, bu addımın iştirakçısı olub özümüzü və ətrafımızı qorumaq daha məqsədəuyğun və ciddi qarşılanması tələb olunan addımdır".

"Hər kəs bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir", söyləyən V.Rəhimzadə qeyd edib ki, artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki ətrafdakılar arasında yoluxma halları kifayət qədərdir: "Biz nə qədər karantin qaydalarının pozulmasına qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, ümumbəşəri bəlaya qarşı mübarizədə bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik. Hər birimiz ölkəmizin bu günü və gələcəyi, ən əsası əvvəlki normal həyatımıza qayıtmaq, davamlı inkişafımızı təmin etmək üçün qoruyucu vasitələrdən istifadə etməyənləri qınamalı, belə halların təhlükəli və yolverilməz olduğunu göstərməliyik. Tibbi maskadan istifadə etməyənlər ictimai qınaqdan nəticə çıxarıb cərimələr ödəmək yolu tutmaqdan az da olsa utanc hissi keçirsələr, düşünürük ki, normal həyata qayıdışın bir addımlığında ola bilərik. Gəlin, birgə düşünək, sağlamlığmızın keşiyində həkimlərimizlə yanaşı, özümüz də dayanaq, əzizlərimizi, doğmalarımızı itirmək kimi çətin anları göz önünə gətirərək məsuliyyət hissimizi artıraq. Unutmayaq ki, adi bir məsuliyyətsizlik böyük problemlərə yol açır".