Bu gün Honkonqun Çinə qaytarılmasının 23-cü ildönümüdür

1 İyul 2020 20:24 (UTC+04:00)

1 iyul tarixi Honkonq üçün xüsusi gündür. Çünki Böyük Britaniyanın tabeliyində olan ərazi məhz 23 il əvvəl - 1997-ci il iyulun 1-də Çinin yurisdiksiyasına qaytarılıb. London ilə Pekin arasında əldə olunan razılaşmaya əsasən şəhərə Çin Xalq Respublikasının daxilində Xüsusi İnzibati Ərazi kimi böyük muxtariyyət verilib, Honkonqa "Bir dövlət, iki sistem" prinsipi əsasında öz iqtisadi-gömrük müstəqilliyini və idarəetmə sistemini saxlamaq hüquqi verilib. Başqa sözlə, Honkonqun xarici siyasət yürütmək və ordu istisna olmaqla müstəqil dövlət kimi var olmaq hüququ təmin edilib.

Yüksək iqtisadi inkişaf və əhalinin rifahı göstəriciləri ilə inkişaf etmiş dövlətləri də qabaqlayan Honkonqda 2019-cu ilin yayından “Qaçqın cinayətkarların ekstradisiyası haqqında qanuna" düzəlişlərlə əlaqədar iğtişaşlar başlayıb, “Honkonqun müstəqilliyi" uğrunda fəalların və radikal separatçıların əməlləri sakitləşmir, zorakılığın geniş yayılması müşahidə olunur, bu işlərə kənardan qeyri-leqal müdaxilə daha da güclənir. Rəsmi Pekin bu cür addımları “Bir ölkə, iki sistem” prinsipinə meydan oxuyan, milli suverenliyi, təhlükəsizlik və inkişaf mənafelərini təhdidlərə məruz qoyan fəaliyyət kimi dəyərləndirib və ərazinin qanunvericiliyində milli təhlükəsizlik sahəsində mövcud boşluqları doldurmaq üçün təsirli tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

SİA xəbər verir ki, Çinin ali qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Məclisinin (ÜXNM) Daimi Komitəsinin iyunun 30-da başa çatan növbəti sessiyasında Honkonq Xüsusi İnzibati Ərazisində milli təhlükəsizliyin təminatına dair qanun layihəsi təsdiqlənib. "Honkonq Xüsusi İnzibati Ərazisində milli təhlükəsizliyin qorunması üçün hüquq sisteminin və hüququn tətbiqi mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi haqqında" Qanun çinlilərin "Syanqan" adlandırdığı Honkonq üçün əlamətdar gün olan iyulun 1-də qüvvəyə minib.

Çin rəsmiləri başda ABŞ olmaqla Qərbin kəskin etiraz etdiyi həmin qanunun Honkonqun muxtariyyət statusunu və "Bir dövlət, iki sistem" prinsipini pozmadığını açıqlayıb. Bildirilir ki, qanun və müvafiq icra mexanizmlərinin yaradılması milli təhlükəsizliyə ciddi ziyan vuran hərəkətlərin sayını mümkün qədər azaltmağa yönələcək. Bu qanun Honkonqun hüquq sistemini dəyişməyəcək, ərazinin inzibati səlahiyyətlərinə, qanunvericilik hüququna, müstəqil məhkəmə hakimiyyətinə və qəti hökm çıxarmaq hüququna təsir göstərməyəcək. Pekin dövlətin parçalanmasına və milli rejimin pozulmasına yönəlmiş fəaliyyətə qarşı olan bu qanunun, habelə terror aktlarının, iğtişaşların və zorakılıq hallarının qarşısının alınmasından, onlara yol verilməməsi və qanuna uyğun olaraq cəzalandırılmasından ötrü olduğunu ən yüksək səviyyədə bəyan edib. Başqa sözlə, bu qanun "Honkonqun müstəqilliyi" separatçı ideyasının kökündən kəsməyə xidmət edir. Elə qanunun təsdiq olunmasından bir neçə saat sonra Coşua Vonq, Natan Lou və Aqnes Çou kimi "fəallar" Honkoqda etiraz aksiyalarının əsas qüvvəsi olan "Demosisto" partiyasını tərk etdiklərini açıqlayıblar. "Honkonqun müstəqilliyi" uğrunda mübarizə aparan "Studentlocalism" tələbə hərəkatı isə Honkonqdakı fəaliyyətini dayandırdığını bəyan edib.