"Ölkəmizin turizm sektorunu öz inkişaf tempinə qaytara biləcəyik” ÖZƏL-MÖVQE

1 İyul 2020 14:51 (UTC+04:00)

“2019-cu ildə Azərbaycana səfər edən əcnəbilərin sayının 3 milyonu keçməsi və bank kartlarından xərclənən vəsaitlərin 2 milyard dollara çatması bir daha dünya turizm üçün Azərbaycana maraq artmasının göstəricisidir”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, təəssüf ki, fevral ayından elan olunmuş qlobal pandemiya ölkələr arası sərhədlərin qapanmasına və insanların hərəkətlərinə məhdudiyyətlər tətbiq edilməsini şərtləndirib: “Ölkəmizdə tətbiq olunan karantin tədbirləri çərçivəsində turizm sektoru və ona xidmət edən sahələrin qapadılması iqtisadiyyatın bu sahəsini iflic vəziyyətinə gətirib çıxarıb. Amma ölkə başçımızın düşünülmüş iqtisadi siyasəti Azərnbaycan turizm sektoruna dövlət dəstəyinin göstərilməsi ilə işçi potensialının qorunub saxlanılmasına və bu maliyyə dəstəkləri sayəsində postpandemiya dövründə yenidən turizm sektorunda geriləmələrin aradan qaldırılmasına imkan verəcək. Postpandemiya dövrü gələndən dərhal sonra xarici turizmin ölkəyə axınını gözləmək də düzgün hesab etmirəm. Amma daxili turizm hesabına bu sektorun iqtisadi fəallığının bərpası mümkündür.

Cənab Prezident İlham Əliyevin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Polololikaşivili ilə keçirdiyi videogörüşdə müzakirə olunan əsas məsələ pandemiya dövründə ən çox zərərçəkən sahə turizm sektoru olduğunu və postpandemiya dövründə bu sahənin yenidən dirçəldilməsi istiqamətində görüləcək tədbirlərdən geniş danışılıb. Dünyada sərhədlərində yumşalmalar həyata keçirən və yenidən turizm sektorunun dirçəldilməsinə başlanmış təcrübəsi olan ölkələr vardır. ÜTT-nın Baş katibi koronavirus infeksiyası səngədiyi və sərhədlərin açıldığı dövrdə bu təcrübənin Azərbaycana təqdim edilməsində təşəbbüsünü bildirib. Təbii ki, biz dünya təcrübəsini dərindən öyrənirik və ÜTT ilə sıx əməkdaşlıq edərək ölkəmizin turizm sektorunu öz inkişaf tempinə qaytara biləcəyik”.