AŞ-ın Mədəniyyət, irs və landşaft məsələləri üzrə iclası keçirilib

1 İyul 2020 14:35 (UTC+04:00)

Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası keçirilib. Videokonfrans formatında təşkil olunan iclasda Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli, Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov iştirak edib.

Nazirlikdən SİA-ya bildirilib ki, iclas 2020-ci ilin noyabr ayında keçiriləcək plenar sessiyanın gündəliyinin hazırlanması və "İqlim dəyişikliyi və davamlı inkişaf" və "Süni intellekt və mədəniyyət, yaradıcılıq və mədəni irs" mövzuları haqqında məlumat verilməsi ilə başlayıb.

İclas zamanı “Avropa İnsan Hüquqları Konvensiyasının 70 illiyinə töhfə: Rəqəmsal dövrdə İncəsənət, Mədəniyyət, Mədəni İrs və Söz Azadlığı” mövzusunda manifestin layihəsi və “Avropa Şurası Rəqəmsal Sərgisi” üçün konsepsiya mövzusu müzakirə olunub. Həmçinin, Avropa Şurasının dəstəyi ilə yaradılan “Compendium” və “HEREİN” adlı internet platformaları haqqında müvafiq ekspertlər tərəfindən məlumat verilib və son illər ərzində tətbiq edilən yeniliklər təqdim edilib.

İclasda Azərbaycan nümayəndə heyəti çıxış edərək ölkəmizdə mədəniyyət sahəsində xüsusi karantin rejimi dövründə görülən işlərdən danışardaq bir sıra layihələrin həyata keçirilməsi təklifini irəli sürüb.

Bundan əlavə, Avropa Landşaft Konvensiyasının həyata keçirilməsi üçün milli siyasət və beynəlxalq əməkdaşlıq, 2020-2022-ci illər üzrə iş proqramı və fəaliyyət planı müzakirə edilib.

Sonda Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin iclasının yekun hesabatı qəbul olunub və bu sənədin katiblik tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin nəzərinə çatdırılacağı bildirilib.