Korona və kor onlar və ya dad yarımçıq əlindən

30 İyun 2020 12:31 (UTC+04:00)

Düz dörd aydan çoxdu ki, bütün dünya, o cümlədən dünyanın bir parçası olan Azərbaycan COVİD-19 adlanan və virusların kralı hesab edilib koronovirus adlandırılan bir bəla ilə savaşa qalxıb. Nəinki gözlə, heç adi mikroskopla da görmək mümkün olmayan bu gözəgörünməz düşmənlə bütün insanlıq savaşır. Təkcə savaşırmı? Günün sualı da budur.

Hər kəsmi bu bəşəri bəla ilə savaşır, yoxsa bundan da öz məkrli niyyətləri üçün istifadə edənlər də var? Təbii ki, dünya gücləri, hər bir situasiyada olduğu kimi, bundan da öz niyyətləri istiqamətində yararlanmaq istəyirlər. Anadolu türkləri demiş, “kürəsəl güclər” min illərdir ki, ya özləri dünyanın canına bir vəlvələ salıb niyyətlərini gerçəkləşdirməyə can atırlar, ya da müxtəlif növ təbii və bioloji bəlaları öz niyyətlərinin reallaşmasıma yönləndirirlər. Bunda işimiz yoxdu. İşimiz olsa belə, biz nə karəyik ki, bu gücləri yollarından döndərə bilək? Onlara insanlığı yaradan və idarə edən qüdrət özü zamanı gələndə islah eliyəcək. Amma bizim ölkəmizdə də bu bəladan həm tamahlarını gerçəkləşdirmək, həm də siyasi oyunlarını gözlərə dürtmək məqsədilə yararlanmağa çalışanlar var ki, sözümüz həmin “kor onlar”adır. Azərbaycanda koronovirusla mübarizədə dövlətin tutduğu və sərgilədiyi birmənalı qətiyyətli mövqe həm bizə, həm də dünyaya məlumdur. Amma cəmiyyətimizdəki müxtəliflik bu virusa ictimaiyyətin mövqeyini də müxtəlifləşdirib və birmənalı deyil.

Mənim apardığım müşahidələrdən gəldiyim nəticə ondan ibarətdir ki, cəmiyyətdə insanların bu bəlaya münasibətini üç qrupa bölmək olar. Birinci qrup o adamlardır ki, bu virusun bir beynəlxalq bəla olduğunu qəbul edir və dövlətin tədbirlərinə dəstək verməklə ona qarşı fəal mübaizə aparır. Bu qrup insanlar həm intellekt baxımından, həm vətəndaşlıq baxımından təqdir olunan insanlardır ki, onlar barədə də nəsə yazıb vaxt almağa ehtiyac görmürəm. İkinci və ən təhlükəli qrup, layiq olub-olmamasından asılı olmayaraq hakimiyyətə can atan binəvalardır ki, onlar hələ də koronovirusun ümumən dünya üçün, onun sabahı üçün ciddi təhdid olduğunu ya anlamırlar, ya da amlasalar da, məkrləri bunu etiraf etməkdə onlara mane olur. Sosial şəbəkələrdə ordan-burdan göndərilmiş, mənşəyi və mənbəyi məlum olmayan videoları, yazıları götürüb, hər gün feysbook, instaqram və vattsap vasitəsilə paylaşanlar, həmin videonun və ya yazının cəmiyyətə necə təsir edəcəyini bilməmiş deyillər. Yəni insanlarda guya belə bir virusun olmaması, bunun dövlətlər üçün siyasi (?) məqsədlərlə yaradılmış və cəmiyyətləri idarə etmək üçün istifadə etdikləri bir vasitə olduğunu pafosla danışan və yazan adamların məhz azsaylı millətləri aldadaraq bu virusa daha çox yoluxmalarına yönəldilmiş bir üsul olmadığını kim deyə bilər? Və yaxud, dövlət adamlarının bu virusdan yararlanmaları (?) iddiasını irəli sürənlər, özləri öz dediklərinə inanırlarmı? Kimsə dövlətin apardığıı mübarizəyə konstruktiv bir təklif irəli sürürsə, bu, təbii ki, alqışlanmalıdır.

Ancaq özlərini siyasətçi adlandırıb belə ucuz vasitələrlə "mübarizə” aparmaq hiddət doğurmaya bilməz. İnsanların faciəsi üzərində özlərinə “xoşbəxtlik” axtamaq qədər rəzil vasitə yer üzərində ola bilməz. Nə yazıqlar ki, bizim siyasilərimiz arasında belələri var və keçmişin dərsindən nəticə çıxarmaq əvəzinə, keçmişin faciəvi səhvlərini yenə təkrarlamaqdan çəkinmirlər. 1991-1993-cü illərdə Qarabağda qanlı savaş getdiyi bir zamanda, cəbhədəki döyüşçüləri Bakıya çağırıb, hakimiyyət çevrilişinə cəlb edənlər də həmin düşüncəyə malik olanlar idi və nə yazıqlar ki, otuz il keçməsinə rəğmən hələ də çoxlarının ağlı o illərdə qalmaqdadır. Nəhayət, üçüncü qrup o insanlardır ki, özü azad düşünmək, baş verənləri analiz edib qərar vermək gücünə qadir deyil və aparılan antitəbliğatın girdabına düşürlər.Nəticədə, dövlətin verdiyi qərarları gözardı etməyə, özünü qorumaq kimi sadə bir vəzifəni yerinə yetirməkdənsə, bundan imtina etməyə yönəlirlər. Gərəksiz yerə küçəyə çıxmağın, yaxın təmasda olmağın, maskadan istifadə etməməyin faciəli nəticəsini anlamaq istəməyən bu qrup insanlar, son nəticədə təkcə özlərinin deyil, yaxınlarının və ümumən cəmiyyətin təhlükəyə yuvarlanmasına rəvac verirlər. Hətta dövlət bu qaydalara əməl etməməyə görə cərimənin həcmini artıranda da, dodaqlarını büzürlər.

Qaydalara əməl edib cərimədən qurtulmaq, həm özünün , həm də ətrafdakıların həyatına təhlükə yaratmaqdan yayınmaq əvəzinə, cərimə yazanları qınayirlar. Atalar sözüdü, deyir qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən. Mən üçüncü qrupa daxil olan toplumu həmin yarımçıqlardan hesab eduirəm. Çünki, qanırlarsa, bu virusun səhlənkarlıqla möhkəm dost olduğunu anlayar və ondan qorunmaq üçün təbliğata ehtiyac duymazlar.Qanmırlarsa, bu qədər deyilənlərdən nəticə çıxararlar. Bu ikisinin heç biri yoxdursa, deməli yarımçıqlardandılar. Yarımçıqların daəlindən min illər əvvəllərdə də dad döyüblər, indi də.Allah bizi bu yarımçıqlardan eləməsin! AMİN!

Təhmasib Novruzov