Xalq onları niyə rədd edir? ANALİTİK + FOTOLAR

30 İyun 2020 09:32 (UTC+04:00)

Və ya bir müşavirədən doğan həqiqətlər

Zaman-zaman AXC-Müsavat cütlüyünün birillik iqtidarları barədə dəlil və sübutlar ortaya qoyulmaqdadır. Əbəs deyil ki, Prezident İlham Əliyev də dəfələrlə çox çıxışlarında bu hakimiyyətin xalqın, dövlətin başına hansı oyunlar açması barədə faktları xatırlatmaqla, bu gün radikal müxalifətdə təmsil olunanların əksəriyyətinin məhz həmin cinahlara aid olduqlarını vurğulayır. Ölkədə hərc-mərclikdən tutmuş, Qarabağın işğalına qədər baş verən bütün xəyanətlərin, satqınçılıqların arxasında məhz AXC-Müsavat cütlüyünün və orada təmsil olunan şəxslərin dayanması da kimsədə şübhə doğurmur, o cümlədən, həmin hadisələri görənlər bu gün də yaşayırlar, həqiqətləri ictimai rəyin diqqətinə çatdırırlar.

Aclıq, səfalət, ölüm təhdidləri, torpaqlarımızın ard-arda işğala məruz qalması, satılması, dövlət büdcəsinin son qəpiyinə qədər oğurlanması, ləl-cəvahirat fondunun silinib-süpürüllməsi...

Məhz bu baxımdan, bir daha arxivləri incələyərkən, faktları üzə çıxararkən növbəti dəfə xain qrupların dövlət maraqlarına qarşı hansı çirkab oyunlar oynadıqlarını xatırlayırıq. Misal üçün, eks-prezident Əbülfəz Elçibəyin 1993-cü ildə keçirdiyi və bu gün də səs-küy yaratdığı müşavirəsində onun müharibə şəraitində olmasına baxmayaraq, işğalçı Ermənistana yanacağın satılmasından tutmuş mafiozların, oğru və quldurların, talançıların bəd əməlləri barədə danışması növbəti dəfə həmin hadisələri nəzərdən keçirmək marağını yaradır. Aclıq, səfalət, ölüm təhdidləri, torpaqlarımızın ard-arda işğala məruz qalması, satılması, dövlət büdcəsinin son qəpiyinə qədər oğurlanması, ləl-cəvahirat fondunun silinib-süpürüllməsi və s. çoxsaylı faktlar da isbat edir ki, AXC-Müsavat iqtidarı həqiqətən də xalqın bir nömrəli düşmənləri idilər və onların erməni işğalçılarından ümumiyyətlə heç bir fərqləri yox idi. Bu gün isə özlərini “müxalifət lideri” adlandıran sabiq hakimiyyət təmsilçiləri hələ də dövlətçilik maraqlarına qarşı xəyanətlərini davam etdirir, xarici dairələrin sifarişlərini öhdəlik olaraq boyunlarına götürərək, bəd əməllərini həyata keçirməyə cəhdlər göstərirlər. Hələ bu da azmış kimi, “hakimiyyətə iddialıyıq” tipli fikirləri ilə siyasi arenada utanıb-qızarmadan var-gəl etməyə də cürət tapırlar.

Yeri gəlmişkən, həmin vaxtlar Ali Məhkəmənin sədri olmuş, hazırda “Vəhdət” partiyasına sədrlik edən deputat Tahir Kərimlinin də həmin müşavirədə iştirak etməsi və hakimiyyət daxilində baş verənləri o zamankı ölkə başçısı Əbülfəz Elçibəyə çatdırması növbəti dəfə həmin zamanlarda baş verənləri tam çılpaqlığı ilə ortaya qoymaqdadır.

“Vəhdət” partiyasının sədri: “Bu müşavirədə mən bir aqressiya hiss etdim... Biz köhnələri vəzifədən çıxarırıq, Tahir Kərimli bərpa edir" şayiəsini buraxıb əleyhimə təbliğat aparılırdı”

SİA xəbər verir ki, T.Kərimli mətbuata açıqlamasında bildirib ki, həmin müşavirə hakimiyyətin sonlarına yaxın keçirilmişdi. SİTAT: “Bütün vəzifəli şəxslər dəvət olunmuşdu. Bu müşavirədə mən bir aqressiya hiss etdim. Hiss etdim ki, mənim fəaliyyətimlə bağlı da siyasi rəhbərlikdə söhbət olub. Ona görə də məni ittiham etdilər ki, guya işdən xaric edilən vəzifəli şəxsləri məhkəmələr sonradan vəzifələrinə bərpa edir və bu da dövləti sarsıdır. Ona görə də mən məcbur idim mövqeyimi ortaya qoyub ittihamların əsassız olduğunu sübut edim. Çıxışımda dedim ki, əvvəla, məhkəmələr müstəqildir, ikincisi, məhkəmələr Ali Məhkəməyə yox, Ədliyyə Nazirliyinə tabedir, üçüncüsü, bir dənə də olsa sübut, fakt göstərin ki, Ali Məhkəmə hansısa vəzifədən çıxarılmış şəxsi vəzifəyə bərpa edən qərar verib. Belə bir fakt yoxdur. Bildirdim ki, rayon məhkəmələri tərəfindən də yüksək və respublika əhəmiyyətli vəzifədən çıxarılmış hər hansı bir şəxsin vəzifəsinə bərpası barədə qərar çıxarılmayıb. Tələb etdim ki, ortaya fakt qoyun. Heç bir fakt qoyulmadı. Çünki fakt yox idi. Həm o dövrdə, həm də sonrakı illərdə mənim barəmdə “biz köhnələri vəzifədən çıxarırıq, Tahir Kərimli bərpa edir" şayiəsini buraxıb əleyhimə təbliğat aparılırdı”.

Tahir Kərimli: “Həmin çıxış sonradan mənə qarşı o adamların hücumu ilə nəticələndi, məni həmin adamlar hökumət telefonunda hədələyiblər”

“Mən o müşavirədə dedim ki, köhnələri, mafiozları, milyonçuları yüksək vəzifələrə hakimiyyət bərpa və təyin edir”, deyə xatırladan T.Kərimli prezident Elçibəyin ondan haraya təyinatları və kimin təyin etdiyini soruşduğunu da bildirib: “Mən də Rəsul Quliyevi, Abbas Abbasovu, Müzamil Abdullayevi misal olaraq qeyd etdim. Pənah Hüseynin Nazirlər Kabinetinə bu cür şəxsləri topladığını dedim. Mən faktlarla danışdım və nə Pənah Hüseynə, nə də Prezidentə qərəzli deyildim, böhtan atmırdım. Həmin çıxış sonradan mənə qarşı o adamların hücumu ilə nəticələndi, məni həmin adamlar hökumət telefonunda hədələyiblər. Mən rüşvətxor sistemə qarşı olmuşam. Heç kim deyə bilməz ki, Tahir Kərimli rüşvət alıb və qanunsuzluq edib. Qanunu həmişə şah görmüşəm. Heç vaxt nə prezidentə, nə də baş nazirə şəxsi qərəzlilik etməmişəm".

Müşavirə Xalq Cəbhəsinə olan etimadı, ümidi yerlə-yeksan etdi...

T.Kərimli eyni zamanda bildirib ki, Prezident sarayında Elçibəyin sədrliyi ilə keçirilən həmin müşavirə və müşavirənin efirə verilməsi xalqın arasında Xalq Cəbhəsinə olan etimadı, ümidi yerlə yeksan etdi: “Həmin müşavirə sanki 4 iyun qiyamının, hakimiyyətin çökdürülməsinin baş məşqi idi. O müşavirə hakimiyyətə xalq nifrəti yaratmağa hesablanmışdı. Müşavirədən az sonra 4 iyun qiyamı başlandı və nəticə bəllidir”.

Göründüyü kimi, təkcə bu fakt özü-özlüyündə bu gün yenidən hakimiyyətə iddialı olan siyasətbazların hansı əməlləri ilə iqtidarda olduqlarını isbatlamış olur. Lakin nəzərə alarsaq ki, belə faktlar onlarladır, hətta yüzlərlədir, bu zaman xalqın nəyə görə belə müxalifəti rədd etməsini, qəbullanmamasını anlamaq elə də çətinlik yaratmaz...

Rövşən RƏSULOV