“Qeybətxana” serialı: “Milli Şura” sezon finalına çıxılmayacaq?

30 İyun 2020 08:37 (UTC+04:00)

“Milli Şura”nın “Qeybətxana” serialı davam edir və deyəsən belə gedərsə, heç sezon finalına çıxmaq fikri də yoxdur. Çünki oradakıların bir günü olsun belə, qeybətsiz, dedi-qodusuz keçmir, yaxud qeybət olan yeri onlarsız təsəvvürə gətirmək mümkün deyil. Ələlxüsus, əvvəlcə özlərini, sonra xalqı ələ salmaq, ardınca isə milləti təqsirli çıxarmaq baxımından...

Öz aramızdır, amma pis də alınmır, əgər ki, məsələyə ifşa cəhətindən yanaşılarsa. Yəni indiyə qədər “Qeybətxana” serialında baş verənləri bir daha xatırlayarsaq daha hansı səhnələri, obrazları, oyunbazlıqları və rolları müşahidə etmədik ki? Gültəkinin “buğa” aşiqliyindən tutmuş, Cəmil Həsənli-Əli Kərimli cütlüyünün LGBT vəkilliklərinə, Rahim Hacıyevin hansısa avropalı siyasi gədanın azərbaycanlıları xalq, millət olaraq aşağılamasından tutmuş, yenə də Gültəkinin həmin aşağılama və təhqiri “oyyyy nə gözəl xarakterizə ediblər” sevincinə, bir daha Cəmil Həsənlinin onlarla bir olmayan xalqın müxalifətini “tryapka” adlandırmasından tutmuş, Əli Kərimlinin xısın-xısın gülümsəyib-özündənrazı rol oynamasına qədər hər şeyi gördük. Gördük və fikirləşdik ki, yəqin “Milli Şura”nın “Qeybətxana” serialı bu ifşalardan sonra az-çox özünü korrektə edəcək və bir daha bənzər ssenarilərlə ortaya çıxmayacaq. Amma çifayda ki, çifayda...

Hələ bu harasıdır ki..? Demə əsas məsələlər qabaqdaymış!

“Milli Şura” bu dəfə də xalqı ələ saldı, öz idbar maraqları naminə onun heysiyyatı ilə oynadığını sərgilədi. Hakimiyyətdən 500 manatın tələb edilməsi və hakimiyyətin də həmin tələbi yerinə yetirməməsi kimi sərsəm planı ilə göstərmək istədi ki, guya “xalqın yanındaymış” (?!) Əslində bu qədər ucuzluğa getməyin özü adları çəkilən və çəkilməyən, ya da çəkiləcək siyasi təlxəklərin iç üzlərindəki bütün çirkabları açdı-tökdü ortalığa. Sübut olundu ki: xalqdan təcrid olunmuş “Qeybətxana” serialının urtvatsız artistləri özləri də xalqın onları rədd etdiyini, qəbullanmadığını yaxşı qanırlar, bu bir aksiomadır, danılmaz, inkaredilməz, sərt aksioma!

Həəə..! Bu dəfə də serialın “baş qəhrəmanlarından” biri hesab edilən və nədənsə son zamanlar daxili hisslərini qabarıq fonda ifadə edən Gültəkin Hacıbəylinin növbəti sirrinin üstü açıldı. Onun keçəl kişilərdən xoşunun gəlməsi və Vidadi Mirkamala dolayısı ilə “aşk” nəğməsi oxuması, etirafda bulunması da bunu sübut edir. Əbəs deyil ki, bir-birləri ilə şit zarafatlar edərkən, o “Vidadi keçəl olsa da, simpatişşşnidi” ifadəsi ilə serialın “seks-bombası” olduğunu aşkarladı. Öz aramızdır, Gültəkin burada çox ciddi riskə gedib. Çünki Vidadi İsgəndərlinin evli qadınları yoldan çıxarmaq kimi sərsəm şakəri, daha dəqiq desək, manyaklıq adəti var və nəzərə alarsaq ki, Gültəkin evli deyil, bu zaman Vidadinin onu əldə etməsi məsələsi 2+2-dir. Sonra demədilər-deməsin yəni... Vallah adam bəzən qalır mat-məəttəl ki, buğa hara, Vidadi hara... Amma fərqi yoxdur, Həsən keçəl, keçəl Həsəndə olduğu kimi, buğa Vidadi ilə Vidadi buğa da eyni zaddır...

Nəhayət..! Nəhayət, keçək Qənimət Zahidin “işimiz hakimiyyəti şərləməkdir” etirafına. İndi kim necə istərsə, elə də anlasın, o bu ifadəni ironikmi deyib, yaxud ciddi. Ancaq fakt budur ki, deyib və hətta ironik desə belə, hər bir ironiyanın arxasında gerçəkliyin, reallığın dayandığı şübhəsizdir. Şübhəsizdir ki, bu gün “Qeybətxana” serialı ilə millətin qarşısına çıxmağa qırmızı-qırmızı üzlər tapan “Milli Şura” bundan sonra da elədiyi qələtləri ətrafında hələ çox etiraflarda bulunmalı olacaq. Şər atmaq, qarayaxma kampaniyaları aparmaq, millətin, xalqın adından sui-istifadə edib, bunu mənfəətlərinə yazmaq kimi faktlar kifayət qədərdir. Görün orada başda oturan kimdir??? Əli Kərimli!!! Bu gün özünü zorla ictimai rəyə Leninqrad blokadasına düşən kimi təqdim edən, nədənsə “zoom” toplantılara qatılarkən interneti olan, amma buna rəğmən, sosial şəbəkə hesabında “blokadada filanıncı gün” yazdırıb, “admin heyəti” adından serial kadrlarını artıran bu “başbilən” həmin serialın ictimailəşdirilməsindən sonra yanındakıları ilə birgə bir ağızdan başlayacaqlar hakimiyyəti qaralamağa. Amma qaraladıqca, daha çox məsələlər üzə çıxacaq. Hətta deyərdik ki, belə davam edərsə, “Milli Şura”nın “Qeybətxana” serialı heç sezon finalında da çıxmayacaq. Tak çto, karantində darıxmayacağıq, bizi qarşıda daha maraqlı səhnələr gözləyir...

Rövşən NURƏDDİNOĞLU