"130 dövlətin müsbət rəyi Prezident İlham Əliyevin təşəbbüsünə yüksək diqqətin təzahürüdür" Əli Əhmədov

29 İyun 2020 17:25 (UTC+04:00)

“Dünyada tüğyan edən koronavirus pandemiyasının beynəlxalq əməkdaşlığın miqyas və intensivliyinə mənfi təsir göstərməsi beynəlxalq icmanın həyat ritminin davam etdirilməsi istiqamətində yeni formaların axtarılıb tapmasını obyektiv zərurətə çevirir. Bu mənada Azərbaycanın geniş vüsət almış beynəlxalq təşəbbüslərinin COVİD-19 pandemiyası dövründə daha da artması diqqəti cəlb etməyə bilməz. Çox müxtəlif sahələrdə regional və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan pandemiya dövründə yeni və müasir formatlarda beynəlxalq təşəbbüskarlığı ilə seçilməkdədir”. Bu fikirlər Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetinin saytında dərc olunmuş “Prezident İlham Əliyevin təşəbbüsü və beynəlxalq əməkdaşlığın yeni imkanları” sərlövhəli məqaləsində bildirilib.

Əli Əhmədov məqaləsində qeyd edib: “Cari ilin aprel və may aylarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi imkanlarının Türk Şurası və Qoşulmama Hərəkatı çərçivəsində videokonfrans formatında müzakirə edilməsi bütün dünya miqyasında böyük rezonans doğurdu. Azərbaycan Prezidentinin təşəbbüsü əsasında təşkil edilən həmin müzakirələrin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın genişləndirilməsinə diqqətin artırılmasında mühüm rol oynaması xüsusilə vurğulanmağa layiqdir. Elə bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən Prezident İlham Əliyevin təşəbbüsü yüksək qiymətləndirilmiş və koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəylik və beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə edilməsinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının gündəliyinə çıxarılması məqsədəuyğun hesab edilmişdir. Beləliklə, hazırda Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə tarixi qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsinə dünyanın 130 dövləti tərəfindən müsbət rəy bildirilməsi problemin aktuallığı ilə yanaşı Prezident İlham Əliyevin təşəbbüsünə yüksək diqqətin təzahürü hesab edilməlidir.

Azərbaycan Respublikasının Prezidentinin COVİD-19 pandemiyasına qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü müasir şəraitdə qlobal həmrəyliyin və əməkdaşlığın yeni imkanlarının dəyərləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Sübut etməyə ehtiyac yoxdur ki, ayrı-ayrı ölkələr arasında fikir ayrılıqlarının dərinləşməsi, qlobal xarakter kəsb edən problemlər ətrafında vahid mövqe formalaşdırmağın çətinləşməsi kimi meyllərin müşahidə olunduğu bir zamanda bütün dünyada ən ciddi təhdidə çevrilən COVİD-19-a qarşı birgə mübarizə qlobal etimadın və əməkdaşlığın möhkəmləndirilməsində unikal fürsətdir. Prezident İlham Əliyevin sözügedən təşəbbüsü irəli sürməkdə məqsədi də məhz dünya dövlətlərini və BMT-ni bu unikal fürsətdən faydalanmağa, hamıya eyni dərəcədə təhlükə olan ümumi bəlaya qarşı səyləri birləşdirməyə səsləməkdən ibarətdir. COVİD-19 kimi amansız virusa qarşı mübarizədə dövlətlərin çoxunun birgə mübarizə əvəzinə özünütəcridə meylli olması, qlobal təşəbbüs göstərilməməsi, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının problemə yetərincə diqqət yetirə bilməməsi təşəbbüsün aktuallığını və əhəmiyyətini qat-qat artırır.

Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağırılması barədə qərarının qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz ifadəsi sayılmalıdır. Azərbaycanın artan əhəmiyyəti və beynəlxalq iştirakçılığı onu beynəlxalq icmanın ən fəal və çevik iştirakçılarından biri kimi tanıtmışdır. Dəfələrlə Azərbaycan Prezidentinin regional və beynəlxalq əhəmiyyət kəsb edən təşəbbüslərinin beynəlxalq formatlarda müzakirə predmetinə çevrilməsinin, bir sıra hallarda isə xüsusi toplantıların çağrılmasına səbəb olmasının şahidi olmuşuq.

Bu xüsusda Prezident İlham Əliyevin beynəlxalq miqyaslı siyasi lider kimi statusunun getdikcə yüksəlməsi ayrıca qeyd edilməlidir. Onun təşəbbüslərinin, müxtəlif beynəlxalq formatlarda səsləndirdiyi çağırışların mühüm əhəmiyyət kəsb edən beynəlxalq qərarların əsasını təşkil etməsinin davamlı xarakter alması diqqəti cəlb etməyə bilməz. İlham Əliyev bir çox mötəbər beynəlxalq tədbirlərin arzuolunan və xüsusi hörmətli iştirakçısı sayılmaqdadır. Heç şübhəsiz, onun beynəlxalq miqyasda yüksək nüfuzlu lider imici Azərbaycanın diplomatik uğur və nailiyyətlərinin əvəzolunmaz resursudur.

Azərbaycanın beynəlxalq həmrəylik sahəsində hər bir təşəbbüsü, o cümlədən ümumdünya miqyasında fəlakətə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması ilə əlaqədar təşəbbüsü ölkəmizin beynəlxalq əməkdaşlığa açıq, tolerant, demokratik, özünü dünya birliyinin bir hissəsi kimi dərk edən dövlət olmasından xəbər verir. Pandemiya dövründə Azərbaycan bir daha beynəlxalq həmrəyliyə və əməkdaşlığa sədaqətin bariz nümunələrini göstərdi. COVİD-19-a qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmağımız, 30-dan çox ölkəyə humanitar yardım göndərməyimiz bu fikirlərin əyani təsdiqidir. Ölkəmiz bir daha sübuta yetirdi ki, dünya birliyi üçün əhəmiyyət kəsb edən heç nə ona yad deyil. Sülh, əmin-amanlıq, təhlükəsizlik, separatizmə və terrorizmə qarşı barışmazlıq, dövlətlərin ərazi bütövlüyünə hörmət, ədalət və bərabərlik kimi bəşəri dəyərlərə dərindən sədaqət Azərbaycan dövlətinin xarici siyasət sahəsində, beynəlxalq münasibətlər müstəvisində fəaliyyətinin fundamental prinsipləridir. Dünya birliyində bir sıra hallarda qarşılıqlı etimadın və həmrəyliyin çatışmadığı indiki dövrdə sadalanan həmin prinsiplər xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin prinsiplərə inam dövlətimizin beynəlxalq mövqeyini möhkəmləndirir, onun diplomatik nailiyyətlərinin fundamentini təşkil edir, Azərbaycanın beynəlxalq hüquq və dəstəkdən faydalanmaq imkanlarını qat-qat gücləndirir.

İnanıram ki, Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVİD-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq. Bu təşəbbüs eyni zamanda, diplomatiya tariximizə ümumdünya problemlərinin həllinə Azərbaycanın yeni və əhəmiyyətli töhfəsi kimi daxil olacaq”.