"BMT bu sahədə öz sözünü deməli və dünyaya bir çağırış etməlidir" ÖZƏL - AÇIQLAMA

29 İyun 2020 14:19 (UTC+04:00)

"Bu gün söhbət təkcə Azərbaycanda və qonşu ölkələrdə pandemiyanın aradan qaldırılmasından getmir. Bu gün söhbət bütün bəşəriyyətin xilasından gedir. Dünya dövlətlərinin təmsil olunduğu BMT, dünyanın ən böyük təsisatı olan təşkilat bu sahədə öz sözünü deməlidir və dünyaya bir çağırış edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-ci ilin mart ayında BMT-nin üzvü oldu və müstəqil dövlətimizin dünyanın ən böyük təşkilatı olan BMT-yə daimi üzvü kimi seçilməsi müstəqilliyimizi dünyaya sübut etməyimizin ən böyük zirvəsi idi: "Azərbaycan BMT-nin üzvü olduğu müddətdə onun regional səviyyədə beynəlxalq dəyərlərinə sadiq olduğunu nümayiş etdirmişdir. Dünya birliyində sülhün və ədalətin bərqərar olması üçün BMT-nin bütün tədbirlərində layiqincə iştirak etmişdir. Qısa müddət ərzində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş və ona sədrlik etmişdir. Bu böyük bir nailiyyətlərdir. Müstəqiliyimizi əldə etdikdən sonra qısa zamanda Azərbaycan dünyanın sülh məsələlərini, ədalət və hüquqi tənzimlənmə məsələlərinin icrasını həyata keçirən, tövsiyyələrini verən, dünyanın problemlərini həll edən ən böyük təşkilatına sədrlik edir.

2011-ci ildə isə Azərbaycan dünyanın BMT-dən sonra ən böyük təsisatı olan Qoşulmama Hərəkatının üzvü seçilmiş və qısa zamanda Qoşulmama Hərəkatının 18-ci Zirvə toplantısında 2019-2021-ci illər üzrə Azərbaycan sədrlik funksiyasını öz üzərinə götürərək dünyada söz sahibi ölkə kimi nüfuzunu nümayiş etdirmişdir. Təəssüf ki, bu gün dünya gözlənilməz bir təhlükə ilə üz-üzə qalıb. Dünyanı koronavirus kabusu bürüyüb. Dünya ölkələri demək olar ki, bu təhlükə qarşısında özlərini itirdi, ən inkişaf etmiş ölkələr belə özlərinə qapandı. İlk dəfə isə Prezident İlham Əliyevin təklifi ilə Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının videoformatda Zirvə toplantısı keçirildi və dövlət başçıları səviyyəsində qlobal pandemiya ilə mübarizə aparmaq üçün keçirilən videokonfrans şəklindəki müşavirə bir ilk idi. Bununla dövlət başçıları səviyyəsində həmrəylik nümayiş etdirildi və pandemiya ilə mübarizə yolları müzakirə edildi. Qoşulmama Hərakatının Təmas Qrupu çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən videokonfransda da yenə Azərbaycanın dövlət başçısı BMT-nin xüsusi sessiyasının keçirilməsi üçün təkliflə çıxış etdi".

Millət vəkili vurğulayıb ki, bu gün söhbət təkcə Azərbaycanda və qonşu ölkələrdə pandemiyanın aradan qaldırılmasından getmir, bu gün söhbət bütün bəşəriyyətin xilasından gedir: "Dünya dövlətlərinin təmsil olunduğu BMT, dünyanın ən böyük təsisatı olan təşkilat bu sahədə öz sözünü deməlidir və dünyaya bir çağırış edilməlidir. Dünya pandemiya ilə mübarizədə həmrəylik nümayiş etdirməlidir. Məhz, ölkə rəhbərinin beynəlxalq aləmdəki nüfuzu və təşəbbüskarlığı ilə BMT çərçivəsində xüsusi sessiyanın koronavirusla mübarizə istiqamətində dünya birliyinin həmrəylik nümayiş etdirəcəyi bir formatda keçirilməsi təklifi hesab edirəm ki, ölkəmizin və Azərbaycan dövlətinin daha bir uğurudur".

İlham Məmmədov qeyd edib ki, Azərbaycan haqqın, ədalətin və bərabərliyin tərəfindədir və belə olan halda dünya birliyi məhz bizim düşmən tərəfindən işğal olunmuş, Azərbaycana qarşı yürüdülən haqsız siyasətin nə qədər məkrli olduğunu görəcək: "Heç də təsadüfi deyil ki, bütün dünya Azərbaycan deyir, yalnız mənfur qonşularımız olan ermənilər dünyanın və özünün düçür olduğu bəlaya qarşı mübarizədə bu təklifi dəstəkləməyərək bir daha xəyanətkar xislətlərini və malik olduqları işğalçılıq mahiyyətini ortaya qoymuş oldular".