“Sevilənlər sevənlər” rubrikasının növbəti qonağı Məlahət Abbasova olub

29 İyun 2020 14:37 (UTC+04:00)

Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar öz maraqlı qonaqları ilə izləyiciləri sevindirməkdə davam edir. SİA-nın məlumatına görə, növbəti canlı yayımın qonağı Əməkdar incəsənət xadimi, İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavini, azərbaycanlı aktrisa Məlahət Abbasova olub.

Türkiyədən birbaşa bağlantı edən sevimli aktrisa ilk növbədə Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevi, kitabxananın kollektivini və canlı yayım izləyicilərini salamlayıb, bu fürsətə görə təşkilatçılara öz minnətdarlığını bildirib. O, Türkiyədə davam edən pandemiya rejimi ilə əlaqədar məlumat verib, karantin rejimi altında keçən gündəlik həyatında mütaliəyə, yaradıcı axtarışlara daha çox yer ayırmaq imkanına malik olduğunu dilə gətirib. Məlahət xanım izləyicilərin suallarına əsasən kinoda və teatrda ilk rollarından söhbət açıb, Rasim Balayev, Safurə İbrahimova, Muxtar Maniyev kimi korifeylərlə bağlı xatirələrini bölüşüb. Söhbət əsnasında teatr və kino sənətinin maraqlı paralelləri aparılıb, qonaq həm kino, həm də teatr sənətinin incəliklərindən söhbət açıb. Məlahət xanım Türkiyədə aparılan serial çəkilişləri haqqında danışaraq, qardaş ölkədə kino çəkilişlərinin maraqlı nüanslarından bəhs edib. Aktrisa məşhur türk serialı “Min bir gecə”yə dəvət olunmasından, aktrisanın yaratdığı obrazın yüksək dərəcədə rəğbət qazanması sayəsində serialın ssenarisində baş verən dəyişikliklər haqqında ilk dəfə canlı yayımda məlumat verib. Öz fəaliyyətində Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafına geniş yer verən, bu sahədə nümayiş etdirdiyi vətənpərvərliyi ilə həmişə ön sıralarda olan Məlahət xanım Türkiyə teatr səhnəsində olan rejissorluq fəaliyyətindən H.Cavidin “İblis”, E.Əfəndiyevin “Şekspir” və s. bu kimi əsərlərin səhnələşdirilməsindən danışıb. Bu sahədə tamaşaçıları yaxın gələcəkdə daha gözəl yeniliklərin gözlədiyini vurğulayıb. Canlı yayım zamanı qonaq aparıcı Günay Həsənovanın səsləndirdiyi izləyici suallarını da cavablandırıb.

Sonda qonaq bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib.

İstifadəçilər Məlahət Abbasova ilə keçirilən canlı yayıma

https://www.instagram.com/p/CB_Ojd0CGux/,

https://www.instagram.com/p/CB_TQQIilnU/ linkləri vasitəsilə baxa bilərlər.