Vətəndaşının sağlamlığını hər şeydən üstün tutan LİDER

29 İyun 2020 12:45 (UTC+04:00)

Prezident İlham Əliyev: "Mənim üçün insanların sağlamlığı əsas prioritetdir”

Xüsusilə son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının realllığıdır. Buna isə…

"Biz birlikdə güclüyük!" devizi ilə…

Bəli, dövlət başçısı hər an öz xalqının yanında olduğunu göstərməkdədir. Dövlətin siyasəti onu göstərir ki, insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır və başa düşür. Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur. Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir. “Biz birlikdə güclüyük” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Prezident İlham Əliyev öz çıxışında belə həssas bir məqamda dövlətin öz vətəndaşının arxasında olduğunu nümayiş etdirdi.

"Ona görə hesab edirəm ki, biz düzgün addım atmışıq. Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı dövlət başçısı bildirib. Dövlət başçısı qeyd edib ki, həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır: "Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir. Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik”.

Çox böyük planların, çox gözəl perspektivlərin olduğunu deyən Azərbaycan Prezidenti vurğulayıb ki, bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər: “Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın. Ona görə hesab edirəm ki, biz düzgün addım atmışıq. Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir”.

"Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz?"

"Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır",- deyən dövlət başçısı bildirib ki, hər kəs maska taxmalıdır və bu bu insanların sağlamlığı üçün atılan addımdır: "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir".

Dövlət başçısı bütün bu məsuliyyətsiz hərəkət edənlərə qarşı ictimai qınağın olmasını da dedi: "Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik".

"Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir", - deyən dövlət başçısı onu da bildirdi ki, həkimlərin fəaliyyəti yüksək qiymətləndirilir və həkimlər də öz həyatlarını çətin duruma atırlar: "Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün".

"Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar"

Dövlət başçısı bu virusa tutulanların hər gün artdığının səbəbini karantin rejiminə əməl olunmamanın səbəbini məsuliyyətsizlik və biganəlikdən irəli gəldiyinideyərək cərimələrin həcminin artırılmasını bildirdi: "İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir".

Dövlət başçısı həmçinin, onu da bir daha dedi ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülməlidir: "İndi görün inkişaf etmiş ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu, mümkün deyil. Ona görə mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün".

Bəli, həqiqətən də, görünür, karantin rejimi mərhələli şəkildə yumşaldıqca insanlar arasında infeksiyaya qarşı laqeydlik, inamsızlıq, xəstələnməyəcəyinə dair arxayınçılıq yaranır. Bir sözlə, laqeydlik, arxayınçılıq isə məsuliyyətsizliyə gətirib çıxarır. Nəticədə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə sanitar-epidemioloji vəziyyət təhlil edilərək infeksiyaya yoluxma sürətini azaltmaq, insanların bir-biri ilə yaxın təmaslarını minimuma endirmək məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin yenidən avqustun 1-dək uzadılmasına qərar verildi. Eyni zamanda, virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət də həmin vaxtadək uzadıldı.

Çünki bu gün hər kəs ilk öncə özündə sosial məsuliyyət hiss etmədikcə belə bir addımın atılması tələb olunur. Bugünkü məqamda ən önəmli məsələlərdən biri də sosial məsuliyyət məsələsidir. Sirr deyil indiki situasiya təkcə dövlət orqanları qarşısında deyil, hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Hamı başa düşməlidir ki, sosial yönündən asılı olmayaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür. Və sosial şəbəkələrdə şayiə və dezinformasiya, təşviş doğuran xəbərlər yayanlara qarşı isə ciddi tədbirlər görülür, görülməlidir də. Və dövlətin xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atması ancaq və ancaq vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçündür!

Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın ilk gündən pandemiyaya qarşı mübarizədə önləyici tədbirlərin görülməsi vətəndaşların sağlamlığı və təhlükəsizliyinin qorunması əsas prioritetdir. Və ölkə başçısı sözügedən tədbirdə bir daha vətəndaşları məsuliyyətli olmağa səslədi: “Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır".

Bəli, ölkə başçısının Gəncədə bir daha koronavirusa yoluxmadan qorunmaq üçün qaydaları bir daha xatırlatması bizi tək özümüzün deyil, ətrafdakı insanların da sağlamlığı barədə düşünməyə səsləyir. Çünki bir yoluxmuş adam nə qədər insanların çox toplaşdığı məkanlarda olarsa, yoluxma sayının artması ehtimalı da yüksəlir. Odur ki, son günlər yoluxma sayında artımın qeydə alınmasının nəticəsi olaraq, iyulun 5-ə kimi məhdudlaşdırıcı tədbirlərə başlanıldı, karantin rejiminin qaydaları sərtləşdirildi, SMS-lə icazə bərpa edildi. Bütün bu tədbirlər vətəndaşlarımızın sağlamlığı üçündür. Əgər bu zəruri tədbirlərlə yoluxma sayındakı zənciri qıra bilsək, tezliklə pandemiyanın ayağını ölkəmizdən kəsə bilərik.

Siyavuş Novruzov: "Cərimələr kəskin artırılmasa, karantin rejiminin müddəti uzana bilər"

YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da ölkəmizin koronavirus (COVİD-19) pandemiyası ilə apardığı mübarizə məsələsinə toxunaraq deyib ki, Azərbaycan bu gün iki cəbhədə müharibə aparır, biri torpaqlarımıza təcavüz etmiş işğalçı Ermənistanla silahlı müharibə, digəri isə gözlə görünməyən, amma vətəndaşların sağlamlığını əlindən alan, ölümünə səbəb olan koronavirusla topsuz-tüfəngsiz müharibə: "Əslində mahiyyət etibarilə ikisi də eynidir. Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə təcrübəsi dünya miqyasında müsbət nümunə kimi dəyərləndirilir, bir çox ölkələrə örnək göstərilir. Xüsusilə də, dövlətimizin öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilir. Bütün bu faktlar Azərbaycan dövlətinin insanların sağlamlığı, təhlükəsizliyi və rifahına xüsusi diqqət yetirdiyini, eyni zamanda, bu kontekstdə qlobal səylərini əsirgəmədiyini göstərir. Bu həm də onun ifadəsidir ki, humanizm dəyərləri və ənənələrinə əsaslanan Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu siyasətin nəticələri vətəndaşlar tərəfindən olduqca yüksək dəyərləndirilir. Dövlətimizin başçısına mütəmadi olaraq ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında əksini tapan fikirlər də bunun bariz təzahürüdür”.

Amma bütün bunlara baxmayaraq bu gün karantin qaydalarına vətəndaşlar tərəfindən əməl olunmamasına və ona görə də sərt qaydaların tətbiq olunmasının zərurətə çevrildiyini deyən Milli Məclisin Komitə sədri bildirib ki, cərimələrin artırılması ilə vətəndaşlar inzibati resurslarla qaydalara məcburi tabe edilməlidir. Əks halda ciddi itkilərin olması gözlənilir: “İnsanlara dəfələrlə bildirildi ki, əgər qaydalara məsuliyyətli şəkildə əməl etməslər, karantin rejimi daha da sərtləşdiriləcək. Çünki virusun qarşısının alınmasında əsas rolu vətəndaş oynayır. Lakin görünən odur ki, onlar qoyulan tələblərə əməl etmək istəmir. Bu baxımdan da vətəndaşların qaydalara əməl etməməsi, görülən tədbirləri effektsiz edir. Düşünürəm ki, bunun qarşısını almaq üçün karantin rejimi daha da sərtləşdirilməlidir. Bəlkə o zaman insanlar vəziyyətin ciddiliyini başa düşər. Baxmayaraq ki, cərimələr tətbiq olunur, amma görünən odur ki, hazırki cərimənin miqdarı insanlara vəziyyətin ciddiliyi dərk etdirmir. Bu baxımdan düşünürəm ki, cərimələri daha da artırmaq lazımdır, bəlkə insanlar vəziyyətin ciddiliyini bundan sonra dərk edib, qaydalara əməl edərlər. Vətəndaşlarımız qaydalara əməl etməməklə Azərbaycan Respublikasının Konstitusiyasının 5 maddəsini pozmuş sayılırlar. Bu məsələ hər bir şəxsin fərdi məsələsi deyil, bu ümumilikdə millətin məsələsidir".

S.Novruzov onu da bildirib ki, Qərb ölkələrində maska taxmayanlar böyük məbləğdə cərimələnirlər: "Qərb ölkələrində ictimai yerlərlə bahəm, nəqliyyatda maskadan istifadə olunması məcburidir və qaydanı pozanları böyük məbləğdə cərimələr gözləyir. Məsələn, Rusiyanın paytaxtı Moskvada ictimai nəqliyyatda maskasız olan şəxsi 4 min rubl məbləğində cərimə gözləyir. ABŞ-da ştatlardan fərqli olaraq, cərimələrin məbləği dəyişir. Məsələn, Merilend və ya Konnektikutda avtobusda maskasız olan 50 dollar məbləğində cərimələnirsə, Nyu-Yorkda avtobus və ya metroda maskasız şəxs 1000 dollarlıq cərimə ödəməlidir. Qətərdə ctimai yerlərdə maska taxmaq məcburidir. Qaydanı pozmaq həbs və ya çox iri məbləğdə cəriməyə səbəb olur. Üz maskası taxmamaq cəzası 200 min riyal (təxminən 55 min dollar) cərimə və ya üç il müddətinə azadlıqdan məhrumetmə ilə şərtləndirilə bilər. Amma Azərbaycanda vəziyyət tamam başqadır və insanlar da bu yumşalma tədbirlərindən sui-istifadə hallarına yol verir. Bu mənada hesab edirəm ki, əgər Azərbaycanda rəqəmlər artım tempi ilə davam etsə, karantin rejimi daha da ağırlaşmalı, cərimələr artırılmalıdır. Yoxsa bunun qarşısını almaq mümkün olmayacaq”.

Bəli, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır və dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük!” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi.

Bir sözlə, hamılıqla həmrəylik nümayiş etdirərək, dövlət başçımız İlham Əliyevin yürütdüyü siyasətə dəstək olmaqla bir daha "Biz birlikdə güclüyük!" şüarının sadəcə sözdə deyil əməlimizlə bu virusa qarşı irəli sürülən qaydalara məsuliyyətlə əməl edək!

RƏFİQƏ KAMALQIZI