Cərimələrin artırılması vətəndaşların sosial məsuliyyətini də artıracaq

29 İyun 2020 12:41 (UTC+04:00)

Ötən həftə məlum oldu ki, ölkədə karantin müddətinin uzadılmasına ehtiyac var və dünyadakı əksər dövlətlər kimi, biz də bu addımı atacağıq. Bu, virusla mübarizədə qalib gəlmək üçün vacibdirsə, demək, müzakirəyə ehtiyac yoxdur. Amma karantinin müddəti uzadılırsa, bundan irəli gələn bir çox başqa məsələlər də yoluna qoyulmasını tələb edir. Xüsusilə də, evdə qalmağa məcbur olan əhalinin üzləşdiyi sosial və iqtisadi problemlər də həll edilməlidirlər. Dövlət başçımızın həftə ərzində keçirdiyi videomüşavirə və videoiclasda bu məqamlara toxunuldu və onların yoluna qoyulması üçün həqiqətən çox böyük addımlar atıldı. Pandemiya başlayandan indiyə qədər məhz ölkə Prizedinin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Fakt odur ki, məhz bu düşünülmüş siyasətin nəticəsində ölkəmiz bu böhranlı vəziyyəti dünyanın bir çox ölkələrindən daha yaxşı idarə edə bilib.

Lakin onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, qlobal məsələyə çevrilən COVİD-19 virusuna qarşı mübarizənin əsas faktorlarından biri də insanların öz üzərlərində məsuliyyət hiss etmələri vacibliyidir. Xüsusilə, biz - parlamentin deputatları istər seçicilərimizlə, istərsə də bütün vətəndaşlara infeksiyadan qorunmanın yollarını təbliğ etməliyik. Çünki məsuliyyətli davranmaq digər insanların da bu təhlükədən yayınmasına xidmət edir. Bildiyimiz kimi, bu virus heç bir sərhəd tanımır. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla, dünya bu virusa qarşı mübarizə aparır və təəssüf ki, koronavirusa qarşı vaksinasiya tapılmayıb. Hətta dünyanın ən inkişaf etmiş ölkələri də koronavirusun yayılmasına qarşı sərhədləri bağlayır, uçuşları təxirə salır, müxtəlif məhdudiyyət tədbirlərini həyata keçirirlər. Yəni ölkələr maksimum vətəndaşlarının bu virusa az yoluxmasına çalışırlar. Eyni zamanda, daha tez qabaqlayıcı tədbirlər görən ölkələrdə virusa yoluxma halları daha az aşkar edilir. Xatırlatmaq yerinə düşərdi ki, cənab Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti də koronavirusa qarşı mübarizə istiqamətində daha tez qabaqlayıcı tədbirlər həyata keçirdi. Nazirlər Kabinetinin nəzdində Operativ Qərargah yaradıldı, insanlar operativ məlumatlandırılır, intensiv maarifləndirmə işləri aparılır.

Dünya ölkələri üzrə statistik rəqəmlərə, hətta ən inkişaf etmiş ölkələrə baxsaq, görürük ki, Azərbaycan dövləti daha ciddi, daha operativ və təxirəsalınmaz tədbirlər həyata keçirib. Artıq bir neçə ölkə ilə yerüstü və hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb, lazımi, tələb edilən tədbirlər həyata keçirilir. məsuliyyətin tərkib hissələrindən biri də insanların maksimum evdə qalmaları və dezinfeksiya işlərini aparmasıdır. Digər tərəfdən, ictimai nəqliyyatda xəstəliyin yayılma imkanlarının geniş olduğunu nəzərə alaraq, insanlar qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar.

Çünki pandemiyanın nə vaxt qurtaracağını da heç kim bilmir. Ona görə də, sayıqlığı itirmədən atılan addımları davam etdirmək lazımdır. İyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında da sərtləşdirilmiş tədbirlərlə bağlı məsələyə toxunaraq bildirib ki, əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Aylardır ki, bəşəriyyət koronavirus bəlası ilə topsuz-tüfəngsiz vuruşur. Ölkəmizdə də pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin və görülən tədbirlərin nəticəsində virusa yoluxanların və ölənlərin sayı çox aşağı həddə idi, hətta Azərbaycan bu rəqəmlərə görə dünyanın azsaylı nümunəvi ölkələrdən biri idi. Əldə olunan bu uğurlu nəticələr ölkəmizdə karantin rejiminin tədricən yumşaldılmasına imkan verdi. Lakin əfsuslar olsun ki, karantin rejiminin yumşaldılması insanlarımızda müəyyən arxayınlıq yaratdı, yumşalmış karantin dövründə vətəndaşlarımızın bir qismi qoyulan qaydalara kifayət qədər riayət etmədi. Tibbi maskadan istifadə olunmaması, ara məsafəsinin saxlanmaması və digər pozuntu halları ölkəmizdə yoluxmaların və ölümlərin xeyli artmasına gətirib çıxardı. Dövlət başçısı bildirib ki, belə bir vəziyyətdə yeganə çıxış yolu karantin rejiminin sərtləşdirilməsi, cərimələrin həcmini artırılmasıdır: "İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir”.

Dövlət başçısı son həftələr bu xəstəliyə tutulanların sayının artmasının səbəbini bəzi vətəndaşların məsuliyyətsizlik davranışı nəticəsində olduğunu da diqqət çəkib: "Bu qaydalar haqqında artıq bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik”.

Dövlətimizin başçısı onu da bildirib ki, bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir: "Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Necə deyərlər, dövlət nə lazımdırsa edir: "Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik", - deyən dövlət başçısı bildirib ki, koronavirusa qarşı mübarizəyə istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik: "Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın heç kimə müraciət etməyib. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib.

Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır”.

Bəli, dövlət başçımızın müdrik liderliyi ilə bu təhlükənin qarşısının alınması və əhalinin sağlamlığının qorunması yolunda düşünülmüş addımlarına dəstək olmaq üçün insanlarımız da öz üzərlərində məsuliyyət hiss etmələri vacibdir. Bütün vətəndaşlarımız məsuliyyətli davranmalı, "Evdə qal" prinsipinə əməl ounmaqla digər insanların da bu təhlükədən yayınmasına nail olmalıyıq.

Bir sözlə, koronavirusla bağlı situasiya hökumətin tam nəzarətindədir. Ola bilsin dövlət xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atsın. Amma onu bilməliyik ki, bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!

İSA HƏBİBBƏYLİ,

AMEA-nın vitse prezidenti, millət vəkil