Qeyri - adi insan (Portret cizgiləri)

23 İyun 2020 16:21 (UTC+04:00)

Hümbət Həsənoğlu-65

O. gözəllik aşiqidir, Vətənini sevir və onun uğurlu gələcəyinə qəlbən çox inanır.

Əzizim Hümbət! Ömründən 65 il keçir, qohum-qardaşların, dost-tanışların səninlə birlikdə 65 yaşının sevincini yaşayırlar. Səni sevənləri təbrik edirəm!

65 illik bir ömür payı az deyil! Bu çoxlarına nəsib olmayan, bir çoxları üçün isə nəsib olduğundan az və xeyli azdır! Elələri var ki, yaşadığı ömür payını, həyat qayğıları ilə çarpışdığı məqamları hər gün gördüyü insanlar arasında adət etdiyi məhdud coğrafi ərazidə keçirir, yerində fırlanan qramofon valı kimi həyatın ənənəvi axarlarından çıxa bilmir. Ömrünün ahıl yaşında dönüb geriyə boylananda gözündə adiləşmiş bir neçə çalardan başqa heç nə görə bilmir, yadına bir əlin barmaqları qədər sanana biləcək olaylar düşür. Belə həyat uzun, solğun və yeknəsəg və yorucu görünür. Mərhum Səməd Behrənginin "Balaca Qara balıq" əsərində olduğu kimi...

Sən isə belə yaşamamısan. Ayaq tutar-tutmaz valideyinlərin-atan, mənim mərhum dostum Həsən və anan, mənim mərhum bacım Suqra özləri ilə səni Cəbrayıl rayonunun Maşanlı, Şükürbəyli kəndlərindən Sumqayıta gətiriblər. Elə bil tarixi Xudafərin körpüsünün dar aşırımlarından axıb keçən Arazı Xəzərə qovuşdurublar, Onlar, qocaman Diri dağda dünyaya göz açan qartal balasını zirvəyə doğru qanadlandırıblar.

Uşaqlıq və ilk gənclik illərinin bir hissəsi çox sevdiyin Sumqayıtda keçib. Cavan yaşlarından dünyanın bir çox ölkəsinə səfərlər etmisən, elmi, iqtisadı və ticari toplantıların fəal iştirakçısı olmusan. Müxtəlif dillərdə danışan müxtəlif düşüncə və təfəkkür sahibləri ilə təmas qurmusan. Dünya ölkələrinin fərqli mədəniyyət və adət ənənələri ilə tanış olmusan, tanınmış ədib və alimlərin şedevr əsərlərini oxuyub öz təfəkkür süzgəcindən keçirib, onlardan bacardığın qədər bəhrələnmisən. Minlər və milyonlarla çiçəkdən nektar toplayıb bal toplayan arı kimi olmusan. Gəzib-gördüyün, görüb-öyrəndiyin, hiss edib duyduğun, tanınan və tanınmayan şəxsiyyətlərlə münasibətin, bir sözlə - bütün bu illər sürəsində qazandığın zəngin həyat təcrübəsində qaynaqlanan, gözəl Azərbaycan dilinin inciləri ilə zinətlənən yazıların müxtəlif boyaları, müxtəlif ətirli təbii güllərdən toxunmuş əlvan bir çələngə bənzəyir. Elə ona görə də sənin qələmindən çıxan nə varsa şirindir, oxunaqlıdır, düşündürəndir.

Oğul kimi valideyinlərini, yaxın dost və qohumlarını sevindirmisən, övlad kimi vətəni təmsil etmisən, həkim kimi gözlərə işıq vermisən, ziyalı kimi qəlbinin nur və hərarətini özgələrə paylaşmısan.

Ömrünün yetkin çağında qələmə sarılıb maraqlı,çox maraqlı aforizmlər, esselər, novella və hekayələr yazırsan və dərindən inanıram ki, yazacağın xeyli əsərlər hələ qabaqdadır.

Yaşadığın çox mənalı, çox rəngli həyatdan nəşət alıb formalaşan hiss, duyğu və düşüncələrini insanlara ərməğan edirsən. Çox geniş arealda qocalı-cavanlı dostların var və sən onları, onlar səni sevirlər. Doğrudan da sevgi qarşılıqlı olanda daha möhtəşəm olur.

Qohumların, o cümlədən əmi və dayılarından sonuncu nümayəndə kimi həyatda hələlik qalan 81 yaşlı mən dayın səninlə fəxr edir, sənə daha uzun ömür arzulayıram! Allah səni qorusun. 65 yaş nədir ki. Sənin həyatın, görəcəyin faydalı işlər, yazacağın sanballı əsərlərin hələ qabaqdadır. Səni bir daha təbrik edir, əzizləyir, bağrıma basıram!

Yeni uğurlara doğru, əzizim Hümbət!

Sonda səni tanıyanlara, dost və oxucularına müraciət edib səni həyata qədəm qoyduğun ilk gündən ta bu günkü müdrük çağına qədər müşahidə edib izləyən, sevən bir şəxs kimi səndə olan və sənə yaraşan bəzi özəllikləri onlarla bölüşürəm:

- Hümbət - gözəl ailə başçısı-sədaqətli ər, qayğıkeş ata və mehriban babadır.

- Dost və qohumları sevir, onların xeyir-şərini bölüşür! Etdiyi maddi yardımları müdriklərin “ Bİr əl verdiyini o biri əl bilməməlidir!” prinsipi ilə gerçəkləşdirir, elə də olur ki, kömək görən insan kömək edənin kimliyindən çox gec xəbər tutur !

- Zəhmətkeşdir, optimisdir, yaxşı mənada inandcıl və əzmkardır. Gözaltına aldığı hədəfə doğru inamla gedir.

- Çətinliklərdən və kimlərinsə sədaqətsiziliyindən şikayət etdiyini, gileyləndiyini heç vaxt görməmişəm.

- Gözəllik aşiqidir, Vətənini sevir və onun uğurlu gələcəyinə qəlbən inanır. Yazılarının birində Hümbət deyir ki, “yaxşı status yazmaq asandır: ya adi şeylər haqda qeyri-adi yazırsan , ya da qeyri-şeylər haqda adi”.

Mən də deyirəm ki, Hümbət qeyri-adi insandır. Bunun şahidi olmaqçün sadəcə onu yaxından tanımaq lazımdır. Yaxından tanımaq lazımdır!

Şikar MƏSTƏLİ,

şərqşünas, şair