Sənə sağlam ömür arzulayıram! HÜMBƏT HƏSƏNOĞLU - 65

20 İyun 2020 19:03 (UTC+04:00)

Tanıyanlar bilir ki, Hümbət Həsənoğlu ilə məni səmimi dostluq telləri bağlayır. Amma buna baxmayaraq, çox qəribədir ki, təkcə dost kimi yox, elə bir yazı əhli olaraq da, onun haqqında yazmaq mənim üçün çox çətin gəlir. Məhz onun haqqında! Yox, yox elə düşünməyin ki, onun haqqında yazmaq ürəyimcə deyil və ya elə zənn etməyin ki, qələmim kütləşib. Əsla və yenə də Əsla!

İndi mən fikrimi sizlərə çatdırmağa çalışacam, bəlkə onda mənə haqq qazandırarsınız…

İlk əvvəl onu deyim ki, standart təbrik yazmağı heç zaman sevməmişəm və bu gün də qəti olaraq elə fikrim yoxdur.

Yəqin ki, hər gün İctimai Televiziyada təxminən belə bir reklam rolikinin göstərilməyinin çoxunuz şahidi olmusunuz.

“Onun adı Azərdir. Bu kanal onun kanalıdır! Tək onun deyil də, bax indicə doğulan bu körpənin kanalıdır! Bakıdan Ağaəlinin, Şəkidən Lətifənin, İsmayıllıdan Mariyanın, Qubadan Musa kişinin, Lənkərandan Kifayətin, təyyarəçi dostumuz Şahinin, bizi qoruyan əsgərimiz Qorxmazın, idmançı qardaşımız Qalibin, təqaüddə olanların, daima sağlamlığımızın keşiyində duran həkimlərin, müəllimlərin, dövlət və iş adamlarının, sahibkarların, tələbələrin, yazarların, bir sözlə hamının və hamının… ən əsası elə bu kanal SƏNİN kanalındır!”

Bu reklam yadıma elə-belə düşmədi. İnanın səmimiyyətimə… bu adam tək mənim DOSTum olsaydı və onu heç kim tanımasaydı çətinlik çəkmədən on dəqiqə ərzində iki-üç vərəq təbrik mətni yazardım. Bu mətn də həm onu hamıya daha yaxından tananardı, həm də maraqla oxunacaq təbrik yazısı olacaqdı. Əziz oxucum, deməyim də odur ki, Hümbət doktor haqqında nə yazsam, sənin üçün yenilik olmayacaq. Nə qədər tərifləsəm səndə heyrət doğurmayacaq, çünki onu sən də yaxşı tanıyırsan. Axı o tək mənim deyil də, elə reklamda vurğulandığı kimi həm də SƏNİN DOSTundur! Görünən dağa nə bələdçi! Hümbət Həsənoğlu bir dağ zirvəsi kimi hər yandan aydın və işıqlı görünür deyə, elə bu baxımdan da onun haqqında yazmaq çətindir.
Amma ürəyimin dərinliklərindən gələn bir neçə xoş sözlərimi məmuniyyətlə qeyd etmək istəyirəm.

Əzizim Hümbət Həsənoğlu!
Təbii ki, sənə ən əsası sağlam can arzulayıram! Allah səni qorusun!

Bilirəm ki, ətrafın gözəl insanlarla əhatələnib, elə bu baxımdan da dostların çoxdur. Ətrafın daima sən sevən və səni sevən insanlarla dolu olsun, əziz DOST!

Çox-çox illər qabaq biz tanış olanda sən bir həkim kimi tanınırdın. İndi isə həm də bir neçə kitab müəllifi olan gözəl yazıçı kimi tanınırsan. Aforizmilərin nəinki respublikamızda, həm də bütün türk dünyasında tanınır və oxunur. Şirin dildə və özünə məxsus bir üslubda yazdığın lakonik hekayələr isə bir başqa aləmdir. Bunu səni sevən minlərlə oxucundan biri kimi yox, qələm əhli kimi səmimi olaraq söyləyirəm. Qələmin daima iti olsun, əziz DOST!

Mən sənə nə arzulayım, DOSTum? Özümə nə arzulayıramsa, sənə də onu diləyirəm. Amma sənə 100 il ömür arzulamıram! Çünki 100 il yaşamağı heç özüm də istəmirəm. Səbəbini də bir neçə il bundan qabaq yazdığım bu şeirimdə tapacaqsan.

Mənə yüz il ömür arzulayan DOST,
İstəmə Tanrıdan belə bir dilək.
Yığılıb başıma siz deyəndə tost,
Qocalıq gününü düşünək gərək.

Heç yüz il yaşamaq istəmirəm mən,
Çəliyə, dayağa möhtac olmayım.
Vaxtında düşübsə saçlarıma dən,
Dünyanı qarğa tək tutub qalmayım.

“Bu hələ yaşayır?...” Qoy deməsinlər,
Gözünü yormayım mən insanların.
Vaxtında köçüm ki, “heyif” desinlər,
Sayı da çox olsun ağlayanların.

Dağılmaz bu dünya inanın mənsiz,
Görün nə zamandır belə fırlanır.
Cavanlar keçəndə önə növbəsiz,
Məni yaşamağım çox utandırır.

Mənə yüz il ömür arzulamayın,
Yüz il yaşamaq da Tanrı payıdır.
Cavanlar mənim yox, mən cavanların,
Çiynində dünyadan köçsəm yaxşıdır!

Mənə yüz il ömür arzulamayın!

Mən Allahın sənə yazdığı ömrü sağlam yaşamağı arzulayıram, əziz DOSTum!.

Arif ƏRŞAD, yazıçı-tərcüməçi