Azərbaycan kulinarları Beynəlxalq Çempionatında 1 qızıl, 1 gümüş, 2 bürünc medalla qayıdıblar - FOTO

30 Aprel 2011 19:49 (UTC+04:00)
Azərbaycan kulinarları Ukraynanın Kiyev şəhərində keçirilən Gənc Kulinarların Beynəlxalq Çempionatında 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 3 diplom (IV yer), komanda yarışlarında isə gümüş medal qazanıb. Bu barədə SİA-ya açıqlamasında çempionatda iştirak edən Milli Kulinariya Mərkəzinin (MKM) direktoru Tahir Əmiraslanov bildirib.

O qeyd edib ki, çempionatda 6 ölkə (Rusiya, Belarus, Moldova, Özbəkistan, Ukrayna, Azərbaycan) iştirak edib: "Onlardan əlavə Ukraynanın bir çox regionları yarışda təmsil olunublar. İştirakçıların ümumi sayı 300-dən çox idi. Azərbaycan komandası 9 sinifdə iştirak edirdi. Bunlardan 8 fərdi, biri isə komanda yarışı idi. Bu siniflərdən komandamız 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 3 diplom (IV yer), komanda yarışlarında isə gümüş medal qazanıb".

Qran Pri yarışlarında I yeri - qızıl medalı heç kəs qazana bilmədi deyən T. Əmiraslanov: "Ukrayna və Moldova komandaları bürünc, Azərbaycan və Özbəkistan komandaları gümüş medal və kubok qazanıblar. Komandaya bir qızıl, bir bürünc medalı isə Qarabağı təmsil edən Fəqan Ağayev qazandırıb. Bundan əlavə, Gənclər komandasının üzvlərinin üçü də (Ağakərim Şamidzadə, Elnur Yusubov, Fəqan Ağayev) Kiyev Milli İqtisad Ticarət Universitetinə güzəştli şərtlərlə qəbul və təhsil haqqı qazanıblar, onlara bunu təsdiq edən sertifikatlar verilib",- əlavə edib.

MKM-nin direktoru həmçinin onu da vurğulayıb ki, münsiflər heyətindəki işinə görə ona qızıl medal və diplom, qızı Aynurə Əmiraslanovaya isə diplom təqdim olunub: "Ukrayna kulinariyasının inkişafında xüsusi xidmətlərimə görə isə mənə Ukrayna Kulinariya Assosiasiyasının ən yüksək, ali mükafatı- Kulinariya Şöhrəti medalını veriblər".