Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı ilə 2020-ci ildə Respublika fənn olimpiadalarının final mərhələsinin qalibləri olmuş Oğuz məktəbliləri və onların müəllimləri ilə videogörüş keçirilib.
SİA-nın məlumatına görə, görüşü açan deputat müəllim və məktəblilərin uğurlarına sevindiyini bildirib və onları təbrik edib. Aqiyə Naxçıvanlı qeyd edib ki, karantin dövründə istedadlı şagirdlərlə iş aparılaraq fənn olimpiadalarına hazırlıq məsələlərinin diqqət mərkəzində saxlanılması və respublika əhəmiyyətli nəticələrin əldə edilməsində Oğuz müəllimlərinin böyük rolu var.
Milli Məclisinin deputatı qlobal xarakter almış pandemiya ilə bağlı ölkəmizin təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırıldığı ilk gündən Oğuz Rayon Təhsil Şöbəsinin Təhsil Nazirliyinin təşəbbüsünə qoşularaq rayonda distant təhsilin təşkili sahəsində müəyyən tədbirlərin həyata keçməsini yüksək qiymətləndirib. Bildirilib ki, Prezident İlham Əliyevin diqqətdə saxladığı prioritet məsələlərdən biri də təhsil sahəsidir. Gözlənilmədən yaranan pandemiya dövründə dövlətimiz gənclərimizin təhsildən geri qalmamaları üçün bütün vacib tədbirləri görür.
Videogörüşdə çıxış edən Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov son illər Oğuz rayonunda istedadlı uşaqlarla iş sahəsində əldə edilmiş uğurlardan söz açıb, son üç il ərzində rayonda fənn olimpiadalarına marağın və kütləviliyin artdığını xüsusi qeyd edib. O, Respublika fənn olimpiadalarının finalında Oğuz rayonundan iştirak etmiş 7 nəfərin hər birinin rayonu layiqincə təmsil edərək, yüz faizli nəticə göstərdiyini vurğulayıb.
Tarix fənni üzrə Oğuz şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Cahan Ənsərlinin qızıl, Qumlaq kənd tam orta məktəbinin şagirdi Tofiq Lətifovun gümüş, Oğuz şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Aysel Mövsümzadənin və Dəymədərə kənd tam orta məktəbinin şagirdi Rəşid Vəliyevin bürünc, coğrafiya fənni üzrə Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Ziya Rəsulzadənin qızıl, Rufanə Mikayıllının gümüş, Alsu Siyahlının bürünc medal qazanması Oğuz təhsilinin ən ciddi uğurlarından biri kimi qiymətləndirilməlidir. Anar müəllim əldə edilən bu uğurların Azərbaycan dövlətinin təhsilin inkişafina yüksək diqqət və qayğısının nəticəsi olduğunu bildirib, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Təhsil Nazirliyinə, Oğuzlu gənclərin uğurlarını hər il diqqətlə izləyən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlıya rayonun pedaqoji ictimaiyyəti və öz adından minnətdarlığını ifadə edib.
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı çətin və şərəfli bilik yarışında yüksək nəticə əldə edən qalibləri, onların müəllimlərini və valideynlərini, Oğuz rayonunun təhsil işçilərini bir daha təbrik edib, şagirdlərə qarşıdakı buraxılış və ali məktəblərə qəbul imtahanlarında daha yüksək nailiyyətlərə imza atmağı arzulayıb.
Videogörüşdə çıxış edən məktəblilər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər. Onlar gələcəkdə daha ciddi sınaqlarda Oğuz rayonunu layiqincə təmsil etməyə çalışacaqlarına söz veriblər.