"Hazırda bilet satışını müvəqqəti olaraq dayandırmışıq. Bilet satışına yenidən start verildikdə biz bunu geniş şəkildə ictimaiyyətə açıqlayacağıq". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Bakı-Naxçıvan və Naxçıvan-Bakı reysləri üzrə aviabilet satışının yenidən nə zaman bərpa olunacağı haqqında məlumat verərkən deyib.
Naxçıvan Muxtar Respublikasında artıq indidən müəyyən siyahının tərtib edilməsi məsələsinə və Bakıda da belə bir mexanizmin tətbiq edilmə ehtimalına aydınlıq gətirən P.Kəsəmənski bildirib ki, hazırda konkret olaraq bu haqda bir şey demək mümkün deyil: "Hazırda bu istiqamətdə işlər gedir. Bunun necə və hansı formada reallaşacağını isə elan edəcəyik. Hazırda isə bilet satışı yoxdur. Kassadan bilet satışı ümumiyyətlə yox idi. Bu da koronavirus pandemiyası ilə əlaqədar idi. Onlayn qaydada isə ayın 2-si daxil olmaqla biz biletləri satışa çıxarmışdıq, hansı ki, artıq onlar satıldı. Birazdan yeni aviabiletləri satışa çıxaracağıq. Satışı hansı formada həyata keçiriləcək, bunu elan edəcəyik".
Belə ki, mətbuat katibi AZAL-ın saytında onlayn bilet almaq istəyən şəxslərin problem yaşaması və bəzilərinin bilet əldə edə bilməməsi məsələsinə isə belə cavab verib: "Bilet əldə etməklə bağlı tələbat böyük olduğundan, qısa bir zamanda bütün biletlər satılıb və qutarıb".
Qeyd edək ki, 5 iyun 2018-ci il tarixində "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının saytında Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində 2018-ci il 20 iyun tarixindən uçan reyslərə aviabiletləri onlayn əldə etməyin mümkün olduğu elan edilmişdi.