“Bu adamlar ruhunu şeytana satmış boşboğazlardır” ŞƏRH-ÖZƏL

16 İyun 2020 16:17 (UTC+04:00)

Azərbaycanın dahi satirik şairi, mərhum Mirzə Ələkbər sabir vaxtında yazırdı ki, “Bir bölük boşboğazıq, heyvərəlik adətimiz, doludur lənət ilə, qeybət ilə söhbətimiz.” Mənə elə gəlir ki, şair bunu yazanda yəqin ki, 100 il sonra, hətta 100 ildən də çox bir müddət sonra ortaya çıxacaq “Milli Şura” adlı amorf bir qurumda birləşən adamları nəzərdə tutub. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi qeyd edib ki, bu adamlar həqiqətən də bir bölük boşboğazdırlar və həqiqətən də bunların adəti heyvərəlikdir, həqiqətən də bunların söhbətləri lənət ilə doludur.

“Azərbaycan xalqının hər bir nümayəndəsinin rifahının yüksəlməsinə sərf ediləcək neft gəlirlərinin azalmasına bunlar niyə sevinməlidirlər axı? Yəni, başa düşürük, Ermənistan, ermənilər neft gəlirlərinin aşağı düşməsinə sevinirlər. Bu normaldır, çünki, düşməndir, işğalçıdır, azərbaycanlıların nə qədər pis yaşamasını arzu etsələr, bu başadüşüləndir. Düşmən bunu istəməlidir və bu normaldır. Amma siz kimsiniz, ay “Milli Şura”da birləşənlər? Siz niyə neftin qiymətinin aşağı düşməsinə sevinirsiniz? Siz niyə hər bir azərbaycanlının daha çətin durumda yaşamasını arzu edirsiniz? Siz niyə öz siyasi iddialarınıza görə azərbaycanlıların rifah halının aşağı düşməsini arzu edirsiniz. Bu adamlar həqiqətən də ruhunu şeytana satmış bir bölük boşboğazdırlar. Bunlar heyvərəliklə məşğuldurlar. Bunların dərdi siyasi hakimiyyət iddiası deyil. Bunların dərdi siyasi mübarizə dərdi deyil. Bunların əsl məqsədi azərbaycanlıların, hər bir azərbaycanlının pis gündə yaşaması, insanlarımızın ehtiyac içində olmasıdır. Bunlar bunu arzu edirlər. Ona görə də Azərbaycan xalqı bütün bu illər ərzində bu qrupdakı boşboğazlara siyasi keçid vermir. Azərbaycan xalqı, Azərbaycan seçicisi Cənab Prezident İlham Əliyevi, onun siyasətini dəstəkləyir. Ona görə ki, Cənab Prezident neftdən gələn hər bir qəpiyi Azərbaycan xalqının rifahının yüksəlməsi üçün xərcləməyin qayğısına qalır. Cənab prezident çalışır ki, Azərbaycan neftdən daha çox gəlir əldə etsin və bu gəlir hesabına ən sadə vətəndaşımız belə daha yaxşı şərtlərdə yaşasın. Bu fərqdir. “Milli Şura”dakı boşboğazlarla Azərbaycan Prezidentinin, onun siyasətini yürüdən və dəstəkləyənlərin fərqidir. Yəni, bu adamlar bizdən deyillər. Bunu dəfələrlə sübut ediblər, indi də neftion qiymətinin düşməsi ilə bağlı yayılan o videoda bir daha bunu göstərirlər”, deyə Azər Həsrət bildirib.