Qurtuluş dastanı

11 İyun 2020 15:26 (UTC+04:00)

Azərbaycanın dövlətçilik tarixinin qırx ildən çox bir dövrü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Onun cismani yoxluğundan on yeddi il keçməsinə baxmayaraq, xalqın qəlbində yaşayır və hələ uzun illər yaşayacaq, nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də var olacaqdır. Ümummilli liderimiz öz fitri idarəçilik qabiliyyəti, qətiyyəti, cəsarəti, tükənməz enerjisi, müdrikliyi, fenomenal yaddaşı, misilsiz işgüzarlğı ilə öz adını Azərbaycan tarixinə əbədi həkk eləmiş nadir şəxsiyyətdir.

1969-cu ildə Azərbaycanda rəhbər vəzifəyə təyin ediləndə də, 1982-ci ildə o vaxtkı SSRİ hökümətində yüksək vəzifəyə təyin ediləndə də, 1992-ci ildə Naxşıvan Ali Məclisinə sədr seçiləndə də, 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinə seçiləndə də, 1993-cü, 1998-ci ilin oktyabr ayında president seçklərində qələbə çalanda da tarix yazdı. Heydər Əliyevin keşməkeşlərlə dolu, mənalı ömür yolu, xalq və Vətən qarşısında misilsiz xidmətləri, zəngin mənəvi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillərə örnəkdir. Azərbaycan tarixinin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev bu tarix kitabına öz səhifəsini yazmamış olsun. Qədirbilən xalqımız, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin nümayəndələri Ulu öndərimizin Azərbaycan dövlətçiliyinə, xalqına, adət-ənənəsinə göstərdiyi bu misilsiz xidmətləri unutmamış, onu öz yaradıcılıqlarında vəsf etmiş, şərəfinə abidələr ucaltmış, musiqilər, şeirlər, nəsr əsərləri, poemalar, publisistik yazılar, xatirələr və s. yazmışlar. Heydər Əliyev fenomenini öz əsərlərində tərənnüm edən yaradıcı ziyalılarımızdan biri də Xalq şairi Zəlimxan Yaqubdur. Zəlimxan Yaqub Ümummilli liderimiz Heydər Əliyevi tərənnüm edən çoxsaylı əsərlər yaratmşdır. Bu əsərlərin hamısı şairin ən sevimli nəğmələridir. Təbii ki, bu əsərlərin zirvəsində "Böyük ömrün dastanı" və "Əbədiyyət dastanı" dayanır.

Əslində Zəlimxan Yaqub bu əsərləri yaratmaqla Ulu Öndərə yazılı bir abidə ucaltmışdır. Zaman keçəcək, gələcək nəsillər Heydər Əliyev dahiliyini, böyüklüyünü, onun həyat yolunu, fəaliyyətini, istedadını həm də Zəlimxan Yaqubun dastanlarından öyrənəcəklər. Təbii ki, Zəlimxan Yaqub bu iki möhtəşəm abidəni birdən-birə yaratmamışdır. Buna qədər şair uzun bir yol qət etmişdir. 1990-cı illərin əvvəlləri Azərbaycan ölüm-dirim savaşında, olum-ölüm sualı qarşısında idi. Belə bir zamanda xalqın bir ağsaqqala, başbilənə, böyüyə, rəhbərə son dərəcə ciddi bir ehtiyacı var idi. Hamı üzünü bir ünvana-Heydər Əliyevə tutmuşdu. O zaman Zəlimxan Yaqub "Allahım, mənə bir ağsaqqal yetir" şeirini yazdı:
Allahım, mənə bir ağsaqqal yetir,
Ona söylənəsi ağrım-acım var.
Oğul deyə-deyə sızlayan anam,
Qardaş deyə-deyə yanan bacın var.

Bəli, cəbhədə özbaşınalıq baş alıb gedir, başsızlıq üzündən oğlanlarımız havayı güllənin qurbanı olurdu. Azərbaycan parça-parça bölünmək təhlükəsi qarşısında idi.
Allahım, mənə bir ağsaqqal yetir,
İstər yerdən çıxart, özün bilərsən.
İstər göydən endir, özün bilərsən.
Məsləhət sənindir, özün bilərsən.

Belə bir dövrdə artıq bu millətə, bu xalqa, bu məmləkətə bəndə heç nə edə bilməzdi. İşimiz Allahın ümidinə qalmışdı və şair:
Üzmüşəm əlimi yerdəkilərdən,
İlahi, göylərdən bir kişi göndər.

-deyərək haray çəkir.
Bax onda Zəlimxan Yaqub "Xalqın ehtiyacı var" poemasını yazdı. Bu poemada da hələ şair xalqın başbilənini, ağsaqqalını axtarırdı.
Elin dar ayağında, xalqın haqlı günündə, boğanaqlı günündə döyünən ürəklərə, düşüncəli başlara xalqın ehtiyacı var idi. Arxalı köpəklərin dişini qırmaq üçün, yalqızlara, təklərə kömək olmaq üçün ən güclü şəxsiyyətə, ən böyük sərkərdəyə xalqın ehtiyacı var idi. O zamanlar ağsaqqalın sözünün oduna, közünə ehtiyac var idi, ağsaqqalın üzünün nuruna ehtiyac var idi və şair "Əgər yoxsa başçımız, əgər yoxsa başımız, onda bədən neyləsin" deyə hayqırırdı.
Bizə ağsaqqal gərək,
Yurdu yada verməsin.
Bizə ağsaqqal gərək,
Xalqı bada verməsin.
Biz döyüşə gedəndə,
O bizə səngər olsun.
Buyruğuna, əmrinə,
Ellər səfərbər olsun.
Güvəndiyi həqiqət,
Dayağı bəşər olsun.

Və nəhayət Böyük Yaradan eşitdi şairlərin səslərini, xalqın dualarını, insanların arzu və istəklərini. O zaman Tanrının möcüzəsiylə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Gəlişiylə bir işıq, nur, ümid, nicat gətirdi. Bax onda şair Zəlimxan Yaqub bu gəlişə şeir yox, dastan yazdı - "Qurtuluş dastanı". Zəlimxan Yaqub bu dastanı yazmadı, bu dastanı yaşadı. Məşhur "91"lər üzünü Naxçıvana - Heydər Əliyevə tutanda Zəlimxan Yaqub, Bakı "qanlar içində qaynaşanda", "şərləri, naxələfləri, millət tanıya bilməyəndə", "dizi heydən, əli göydən üzüləndə", "üzünü tutmağa, sözünü deməyə adam tapa bilməyəndə", "məmləkət min yerdən dağılanda", "hərə bir yana - biri Talışa, biri Muğana çəkəndə", "vəzifə üstündə "stol davası" gedəndə", məşhur "91"lər Naxçıvana üz tutanda Zəlimxan Yaqub "Heydər Əliyev" hayqıraraq üzünü xalqa tutdu:

Qorxur vəzifəbazlar
Bütün vəzifələrdən
yüksəklərdə dayanan,
Bir kişinin adından,
Gəlir o qüdrət, gəlir,
Dözüm, qətiyyət gəlir.
Adını eşidəndə millət qalxır ayağa,
Gözə işıq, cana od,
qəlbə cəsarət gəlir.

Təsadüfi deyildi ki, dastan dilində yazılan bu əsər tez bir zamanda dillər əzbəri oldu və xalqın yaddaşına köçdü:Qoy səsi guruldasın bu gün altı qitədə, Odur məndən ötəri ATƏT-də, BMT-də! Gəlib, o kişi gəlib! Xalqın xeyrinə sarı,çarxın gərdişi gəlib! Millətinə, xalqına birləş deyir,qalx deyir! Öz haqqına güvənir, haqq danışır, haqq deyir. Əlli milyona çatmış, Azərbaycan Dünyası,"Qurtuluş nəğməsi"ni oxuyur bir himn kimi,bir səslə, bir avazla "Heydər" deyir, "xalq" deyir. Bu gün, 15 İyun Milli Qurtuluş Gününü qeyd etdiyimiz bu günlərdə bütün Azərbaycan xalqı bu günkü firavan, müstəqil və qüdrətli Azərbaycanı yaratdığına görə böyük minnətdarlıq hissi ilə Ümumilli liderimiz heydər Əliyevin parlaq xatirəsini ehtiramla yad edir.

Ramiz Göyüşov, YAP Binəqədi rayon təşkilatının sədri