İqtisadi və Sosial İnkişaf Mərkəzi Harvard Üniversitetinin rəsmi katoloquna daxil edilib
29 Aprel 2011 03:42 (UTC+04:00)
ABŞ-ın tanınmış Harvard Universiteti İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəsmi katoloquna daxil edilməsi ilə bağlı qərar qəbul edib. Bu haqda Harvard Universitetinin Jon Kennedi Hökumət Fakultəsi açıqlama yayıb. Həmçinin İSİM-in adı universitetinin internet ünvanında yerləşdirilib. Məlumat üçün bildirək ki, İSİM Harvard Universitetinin rəsmi katoloquna daxil edilən ilk və yeganə Azərbaycan təşkilatıdır.
İSİM-in rəhbəri Vüqar Bayramov bildirib ki, Azərbaycanın beyin mərkəzinin dünyanın tanınmış universitetinin rəsmi katoloquna daxil edilməsi sevindirici haldır. İlk dəfə olaraq Azərbaycan təşkilatı Harvard Universiteti tərəfindən rəsmi olaraq tanınır. MDB-dən yalnız iki ölkənin (Rusiya və Azərbaycan) həmin siyahıda təmsil olunduğunu nəzərə aldıqda katoloqun kifayət qədər ciddi və əhəmiyyətli olduğunu təsəvvür etmək çətin olmaz.
Qeyd edək ki, Rusiyanı həmin siyahıda Karnegi Moskva Mərkəzi təmsil edir.
V.Bayramov onu da deyib ki, son illər İSİM-in xarici əlaqələri kifayət qədər güclənib və təşkilat, demək olar, bütün dünya reytinqlərinə daxil edilir. ABŞ-ın məşhur Penselvaniya Universitetinin hesabatında da İSİM Qafqazın aparıcı beyin mərkəzi kimi qiymətləndirilərək Mərkəzi və Şərqi Avropanın əsas təşkilatları siyahısına daxil edilib.
İSİM rəhbəri deyib ki, Harvard Universitetinin İSİM-i özünün rəsmi katoloquna daxil etməsi mərkəzlə dünyanın aparıcı universitetlər və təşkilatları arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Eləcə də Azərbaycan elminin xaricdə geniş təqdimatına imkan yaradacaq.
Xatırladaq ki, İSİM 2005-ci ildə xaricdə təhsil almış bir sıra aparıcı iqtisadçılar tərəfindən yaradılıb. Mərkəz müxtəlif dövlət, beynəlxalq və qeyri-dövlət təşkilatları ilə iqtisadi və sosial islahatların dəstəklənməsi istiqamətində proqramlar həyata keçirir.