Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Hüseynov və Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadənin SİA-ya müsahibəsi:
- Azərbaycanda gedən hüquqi dövlət quruculuğu prosesində ictimai-siyasi təşkilatların fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?
Araz Əlizadə - Bu gün Azərbaycanda olan siyasi partiyaların hamısı zəifdir. O cümlədən də mənim rəhbərlik etdiyim Azərbaycanın Sosial Demokrat Partiyası. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın siyasətində olan siyasi romantizm dövrü sona yetib. O zaman Azərbaycanın müstəqilliyi, Dağlıq Qarabağ uğrunda mübarizə gedirdi və hər bir savadlı, bacarıqlı insan çalışırdı ki, mümkün qədər öz bəhrəsini bu proseslərə versin. Lakin sonradan Azərbaycanda siyasi cərəyan elə oldu ki, siyasətə pul gəldi. Dünyada heç bir siyasi partiya maddi imkanları olmasa fəaliyyət göstərə bilmir. Lakin bu pul gələndən sonra mədəni ziyalı insanlar kənara çəkildi. Bilirsiniz ki, Azərbaycanda dövlət çevrilişi baş verdi və bu çevriliş nəticəsində hakimiyyətə Xalq Cəbhəsi Partiyası gəldi. Bir il hakimiyyətləri dövründə Azərbaycan xalqının başında turp əkdilər və nəhayət siyasi səhnədən getdilər. Ondan sonra hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası - daha doğru desək, bu partiya hakimiyyətə gəlmədi, xalq o zaman ümummilli lider Heydər Əliyevi dəstəklədi və hakimiyyətə ulu öndər gəldi və Heydər Əliyevin rəhbərliyi etdiyi partiya cəmiyyətdə aparıcı rol oynamağa başladı. İlk illər Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xarici təcavüzlərin qarşısının alınması üçün çox iş görüldü. Bu gün YAP-ın 500 min üzvü var, lakin yenə də biz bu partiyaya güclü deyə bilmərik. Əgər o hakimiyyətdədirsə və Dağlıq Qarabağ işğal altındadırsa, Azərbaycan da korrupsiya, inhisarçılıq varsa, demək ki, hələ də partiyanın görəcəyi işlər çoxdur. Keçək müxalifət partiyalarına. Onların maddi durumu çox ağırdır və həmin siyasi romantizm dövrü başa çatdığına görə, istedadlı gənclər siyasətə gəlmirlər. Çünki onlar bilirlər ki, siyasətə gəlsələr, onların peşə karyerası baş tutmayacaq. İstedadı olmayanın da bu işə girişməsinin heç bir mənası yoxdur. Müxalifət dedikdə nədənsə Azərbaycan Xalq Cəbhəsində olan rəhbərlik nəzərdə tutulur. Amma onlar siyasi cəhətdən iflasa uğrayıblar. Xalq onlara inanmır, onaların ardınca getmir. Son zamanlar biz gördük ki, onlara xaricdən müəyyən maliyyə, mənəvi yardım olundu ki, Azərbaycanın xarici siyasətinə təsir etsinlər. Lakin xalq onların ardınca getmədi, çünki xalq onları görüb və onlardan üz döndərib. Belə olan halda mən deyərdim ki, Azərbaycanın siyasi həyatına yeganə təsir edən qüvvə Prezident İlham Əliyevdir. Korrupsiyaya qarşı mübarizənin önündə də o gedir, bu yaxınlarda iqtisadi inhisarçılığın qarşısına da o keçib. Mən ümid edirəm ki, Azərbaycanda demokratik cəmiyyətin qurulması da məhz onun iradəsindən asılıdır. Ölkədə seçkilər tam demokratik keçirilmir, ona görə də insanların özlərinə də inamı itir ki, "mənim səsimin əhəmiyyəti yoxdur". Get-gedə insanların seçkiyə axını azalır. Bununla da seçkiyə gəlməyən insan Respublikanın siyasi həyatından təcrid olunmuş olur. Bu problemlər mövcuddur.
- Son hadisələrdən sonra radikal müxalifətin hökumətə təqdim etmək üçün paket hazırlaması nə dərəcədə məntiqlidir?
Aydın Hüseynov- Araz müəllim müxalifətdə olsa da iqtidar partiyasının təmsilçisi kimi onun fikrilərinin əksəriyyətini alqışlayıram. O mənada ki, müxalif partiyaların məhz xaricdən maliyyə dəstək almasını hansısa bir formada təsdiqlədi. Təqdirəlayiq haldır ki, bu fakt müxalif partiyalarının dilindən səslənir. Azərbaycanın siyasi cəmiyyətində kimin hansı yerdə olduğunu cəmiyyət qiymətləndirir. O ki qaldı Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı Araz müəllimin fikirlərinə, əslində YAP Ümummilli lider Heydər Əliyev qüdrətindən, zəkasından yaranan bir partiyadır, onun rəhbəri prezident İlham Əliyevdir. Partiya yaranan gündən dinamik inkişaf yolundadır, xalq tərəfindən dəstəklənir. Bütün ölkədə gedən siyasi, iqtisadi, quruculuq işlərində partiya öndədir və öncüllərdən biridir. Artıq parlamentdə 60 deputatla təmsil olunur, 500 mindən çox üzvü var. Bu da o deməkdir ki, partiyamızın cəmiyyətdə böyük nüfuzu var və dəstəklənir. O ki qaldı seçkilərin demokratik keçirilməməsinə və insanların seçkilərə axınının az olmasına, bu fikri tamamilə təkzib edirəm. Son parlament seçkilərində əhalinin 75 faizi iştirak edib, bu da böyük bir göstəricidir və eyni zamanda təkcə yerli müşahidəçilər deyil, xarici müşahidəçilər bəzi xırda pozuntular çıxmaqla ölkəmizdə aparılan seçkiləri uğurlu seçki adlandırıblar. Müxalifətin paket hazırlanmasına gəldikdə ilk növbədə bu qurum özünün siyasi çəkisini, cəmiyyətdə hansı yerdə durduğunun müəyyənləşdirməlidir. Sözü demək asandır. O kəslər cəmiyyətə nəsə təqdim edə bilər ki, onların konkret fəaliyyəti, cəmiyyətə nəsə vermiş olsun. Radikal müxalifətin cəmiyyətdə heç bir yeri olmadığı kimi onların təqdim etdiyi paket nə real, nə də inandırıcı olacaq. Mənə elə gəlir ki, onların buna mənəvi haqqı da yoxdur.
- Vətəndaş cəmiyyətin quruculuğunda fəal iştirakı olan QHT-lərin radikal müxalifətin aksiyalarında iştirak edib dövlət və hökümət əleyhinə çağırışlar etməsi onlara nə dərəcədə baş ucalığı gətirə bilər?
Araz Əlizadə- QHT-lərin əksəriyyəti xaricdən maliyyələşir. Belə olan halda kim pulu verirsə, musiqini də o sifariş edir. Ona görə də QHT-lər öz nüfuzlarını itirirlər. 90-cı illərin əvvəllərində Azərbaycanda cəmi 5-6 QHT var idi. Onlar Azərbaycan cəmiyyəti üçün çox işlər görürdülər. İndi isə onları saymaq mümkün deyil. 300-ə yaxınını mən tanıyıram. Kim işsiz qalır, siyasətdən gedir özünə QHT yaradır. Bizdə necə ki, partiyalar məsələsini nizamlamaq lazımdır, eləcə də QHT-lərin fəaliyyəti nizama salınmalıdır. Ölkədə elə partiyalar var ki, qeydiyyatdan keçiblər, lakin fəaliyyətləri yoxdur, yalnız mitinqlərdə meydana çıxırlar. Eyni zamanda elə QHT-lər də var ki, onlar yalnız qrant yeməklə məşğuldurlar, real fəaliyyətləri yoxdur. Bu sahələrin hər ikisində nizam-intizam yaratmaq lazımdır.
- Partiyaların və ictimai təşkilatların ifrat mövqe sərgiləməsi onların xarici təsir altında olmalarını göstəmir ki?
Aydın Hüseynov- Birbaşa olaraq sərgiləyir. İlk növbədə Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin xaricdən maliyyə dəstəyi almasının qanunla tənzimlənən forması var. Lakin Azərbaycanda radikal müxalifət xaricdən maliyyələşir və onlar bu vəsaitləri hesabına sifarişlər yerinə yetirirlər. Sübut da var. İnsanlar YAP üzvləri, Azərbaycan xalqının nümayandələri bir gün onları hüquq-mühafizə orqanlarına verəcəklər ki, xaricdən aldıqları maliyyə hesabına burada iğtişaşlar həyata keçirirlər.