Bu gün Naftalan şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi sədrlərinin müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, müşavirəyə YAP icra katibi Əli Əhmədov rəhbərlik edib.
Üzünü Gənclər Birliyi sədrlərinə tutan YAP icra katibi qeyd edib ki, onlar yaşadıqları ərazidəki gənclərlə fəal işləməli və təmaslarını daha da artırmalıdırlar. Gənclərlə bağlı dövlət proqramının hazırlandığını deyən Ə.Əhmədov qeyd edib ki, gənclərin qarşılaşdığı bir sıra problemlər bu proqramda əksini tapacaqdır. O, qeyd edib ki, hazırlanacaq proqram dövlətin gənclərə olan qayğısının sübutudur və Gənclər Birliyi sədrləri bu məqamı digər gənclərin diqqətinə çatdırmalıdır.
Radikal müxalifət partiyaların nəzarətinə az da olsa gənclərin düşdüyünü deyən Ə.Əhmədov bildirib ki, əsas məqsəd onları səhv yoldan çəkindirməkdir: "Azərbaycan dövlətinin gənclərdən gözlədiyi budur ki, daha yaxşı təhsil alsın və gələcək Azərbaycanın inkişafında daha yaxından iştirak etsinlər. Bəzi qüvvələr gənclərdən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Onlar bu gəncləri polislə üz-üzə qoyaraq bir növ xarici qüvvələrin maraqlarına xidmət edirlər. Gənclər Birliyi sədrləri gənclərlə bu istiqamətdə söhbət etməklə onları səhv yoldan çəkindirə bilərlər. Nə qədər bu işdə uğur qazana bilsək, bütövlükdə Azərbaycan gəncliyinin sağlam inkişafına dəstək vermiş olarıq".
Dünyanın daim dəyişdiyini deyən Ə.Əhmədov Azərbaycan gəncliyinin də bu dəyişikliklərə, yeniliklərə hazır olmasının vacibliyini qeyd edib. O, Azərbaycan gənclərinin də mütərəqqi texnologiyalardan istifadə etməyə çalışmasını istədiyini dilə gətirib. YAP icra katibi gənclərin fəaliyyətini sitiqamətləndirilməsi, o cümlədən yeni texnologiyalardan istifadə edilməsi üçün gənclər təşkilatlarında daimi fəaliyyət göstərən işçiyə ehtiyacın olduğunu deyib.
Müşavirədə çıxış edən Gənclər Birliyi sədrləri dövlətin gənclərlə bağlı siyasətini bəyəndiklərini bildiriblər.