Əli Kərimli partiyadaşına niyə və necə uduzdu? SIYASI RAKURS

10 İyun 2020 11:33 (UTC+04:00)

AXCP sədrinin “həyat və idarəçilik kredosu” iflasa uğrayıb

Artıq dəfələrlə sübuta yetirilib ki, AXCP sədri Əli Kərimlidə bunun əvəzinə rəqiblərini təhqirlərlə zərərsizləşdirmək kimi qeyri-normal bir xislət formalaşıb və nəticədə bir daha bəlli olur ki, vaxtilə onun yanında olmuş cəbəhçilər indi ondan daha çix uzaqda gəzməyə çalışırlar. Çünki ölkənin epidemioloji vəziyyətində koronavirus təhlükəsi ilə yanaşı, siyasətində də yoluxucu, təhlükəli bir zərərverici infeksiya - Əli Kərimli infeksiyasının gəzdiyini yaxşı bilirlər. Belə bir zərərli, yoluxucu infeksiyaya, virusa qarşı isə hər halda bir peyvəndin tapılacağına şübhə yoxdur...

Sabiq cəbhəçi Şakir Abbasov: “Gəldiyimiz nöqtə ürəkağrıdıcıdır”

Zaman-zaman AXCP sıralarında istefaların olması da qeyd edilən faktları kifayət qədər əks etdirir. Belə ki, istefaların əsas səbəbi məhz partiya rəhbərliyindəki avtoritar idarəçilik, Ə.Kərimlinin təşkilatda diktator rejimi qurması və bu kimi digər amillərdir. Son bir neçə ildə partiya sıralarını tərk edən əksər cəbhəçilər bu faktorları əsas gətirərək, oradakı vəziyyətin dözülməz olduğunu bəyan edirlər. Məsələn, sabiq AXCP-çi Şakir Abbasov partiya sədri Ə.Kərimlinin tutduğu xətlə fikir ayrılığının yarandığını və bundan sonra qurucusu olduğu təşkilatda olmaq istəmədiyi üçün istefa verdiyini bildirmişdi. Xatırlayaq: "Mən AXCP-nin özəyini təşkil edən AXC-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürəkağrıdıcıdır. Bu qərar bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir. Mən burada köhnə məsələləri açıb, hər kəsin bildiklərini təkrarlamaq istəmirəm. AXCP-dən istefa verməklə Ə.Kərimlidən kənar durmaq özü bəlkə də xeyirədəir. Digər funksionerlərimiz də Ə.Kərimli bəlasından nə qədər tez yaxa qurtarsalar, bir o qədər onlar üçün uğurlu olacaq".

Eks AXCP funksioneri Ağaşirin Tanrıverdioğlu: “Qruplaşmalar içində ən öndəgedəninə məhz sədr Əli Kərimli bilavasitə dəstək göstərməkdədir”

Yaxud, eks-cəbhəçi funksioner, partiyanın Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu da bir müddət əvvəl təşkilat daxilində baş verən son qrşıdurma proseslərinə aydınlıq gətirərkən demişdi ki, o, daha öncələr də partiya daxilində qarşıdurmaların yaşanacağını proqnozlaşdırmışdı “...Artıq deyilənlər öz təsdiqini tapmaqdadır. Çünki AXCP-də bir neçə qruplaşma var və həmin qruplaşmalar içində ən öndəgedəninə məhz sədr Əli Kərimli bilavasitə dəstək göstərməkdədir".

Beləliklə, bu kimi faktlar kifayət qədərdir və onların hər birini təqdim edərsək, buna sadəcə vaxt yetməz. Ona görə də bugünlərdə daha bir cəbhəçinin – AXCP Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə iclasını və qərarını göstərmək olar.

Əli Kərimli indi məhkəmənin verdiyi qərarına əməl etməyə borcludur

Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda isə Ə.Kərimlinin müdafiə tərəfi nədənsə iştirak etməyib. Təkcə bu fakt sübut edir ki, əslində AXCP sədri haqlı olmadığını yaxşı bildiyi üçün vəkillərini həmin prosesə göndərməyib. Daha dəqiq desək, onun tələblərinə, avtoritar idarəçiliyinə qarşı çıxan A.Əliyevin haqlı olaraq etirazçı fikirlər bildirməsinin doğru olduğunu bilən Ə.Kərimli indi məhkəmənin verdiyi qərarına əməl etməyə borcludur. Yəni onun da bildirdiyinə görə, o 1995-ci ildən AXCP-də fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib. Onun sözlərinə görə, NTK sədri seçilməsi Əli Kərimlinin ürəyincə olmayıb. "Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir".

Xatırladaq ki, bundan öncəki prosesdə də şikayətçi A.Əliyev məhkəməyə AXCP-nin Neftçala rayon təşkilatının sədr müavini Ələkbər Zahidovun da partiya sıralarından qanunsuz olaraq xaric olunması ilə bağlı sənəd təqdim etmişdi. Onun sözlərinə görə, Ə.Kərimli onun normal fəaliyyətinə imkan verməyib: "O, bunu bilərəkdən edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiyaya daxil olan ianələr və digər pulları ancaq öz nəzarətində saxlayan Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib”.

Daha bir fakt isə, A.Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı protokolda bəzi imzaların saxta olması ilə bağlı vəsatət qaldırmasıdır. Nəticədə məhkəmə vəsatəti təmin edib. O, eyni zamanda partiyanın maliyyə mənbələri ilə bağlı bəzi iddialar səsləndirib. O, NTK sədri olduğu vaxtda partiyanın heç bir qanuni maliyyəsinin olmadığını, əldə edilən ianələrin və qrantların Ə.Kərimli tərəfindən mənimsənildiyini deyib.

O cümlədən, A.Əliyevin uzaqlaşdırılması qərarı ləğv edilməklə yanaşı, onun AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması qərara alınıb.

Onun barəsində özündə kifayət qədər hadisələri ehtiva edən "Yurd həqiqətləri" adlı kitab belə nəşr olunub

Bütün bu reallıqlardan həm də belə nəticə çıxarmaq olar ki, AXCP sədri Əli Kərimlinin yürütdüyü "siyasətin" hər bir addımında xəyanətin, satqınçılığın və dövlətçilik maraqlarını satmağın izləri dayanır və artıq kifayət qədər sübutlar mövcuddur. Yeri gəlmişkən, hətta onun barəsində özündə kifayət qədər hadisələri ehtiva edən "Yurd həqiqətləri" adlı kitab belə nəşr olunub. Qeyd edək ki, həmin kitabda yazılan faktlar barədə "SƏS" qəzetində dəfələrlə silsilə təhlil yazıları dərc olunub, xalqa Ə.Kərimlinin çoxsaylı və gerçək sima(sız)ları barədə həqiqətlər ictimaiyyətin diqqətinə çatdırılıb. Təəssüf ki, ortada onu ifşa edən minlərlə faktların olmasına baxmayaraq, o, nadir həyasızlıq nümunələrini ortalığa atmaqla, iqtidara iddialı olan "ana müxalifət" partiyasının sədri kimi bu və ya digər şəkillərdə özünü xalqa zorla (!) sırımaqda davam edir.

Partiya nizamnaməsini dəfələrlə dəyişdi, onun haqsızlıqlarına qarşı səslərini ucaldanları müxtəlif bəhanələrlə özündən uzaqlaşdırdı

Ə.Kərimli tərəfindən aldıdılan gənclərə gəldikdə isə, bu gün təhsillərini, gələcəklərini, hətta ailələrini belə ataraq, AXCP sədrinin “ətəyindən” yapışan bu nəslin bəzi nümayəndələri yaxşı olardı ki, bir balaca geriyə dönüb-həyatları puç olmuş daha öncəki illərin kərimovçu gənclərinə nəzər salsınlar. Məsələn, elə istefa vermiş, yaxud bu gün partiyada haqsızlıqlara məruz qalan A.Əliyevin başına gətirilənlərə. Çünki o da 25 il bu partiyaya xidmət edib, nəticədə Ə.Kərimlinin avtoritar idarəçiliyinin qurbanına çevrilib.

Sonda isə daha bir reallığı göstərmək olar. Əli Kərimlini rəqiblərinə qarşı fərqli məcrada - mənəviyyatsızlıq, ləyaqətsizlik kimi mübarizə üsulu seçməyə sövq edir. Nəticədə, o, ötən illər ərzində Azərbaycan siyasətinin üzqarasına çevrilib. Məhz bu cəhdləri də Ə.Kərimlinin AXCP tarixində özünü "əbədi lider" etmək istəklərindən doğurdu. Nəticədə, o, əyləşdiyi kreslonu tərk etmək istəmədi və partiyanın qurultaylarının nəticələri də bu faktları əks etdirir. Partiya nizamnaməsini dəfələrlə dəyişdi, onun haqsızlıqlarına qarşı səslərini ucaldanları müxtəlif bəhanələrlə özündən uzaqlaşdırdı. Beləliklə, sədr postundakı mütləqiyyətini qorumaq üçün partiya daxilində demokratik mühiti tamamilə məhv etdi. AXCP sədri Ə.Kərimlinin sonunu yaxınlaşdıran "idarəçilik və həyat kredosu" isə belədir: "Hörmətsizlik etmək, hörmət görmək üçündür". Amma göründüyü kimi, onun “kredosu” da partiyası kimi ciddi iflasa uğramaqda, ədalət və gerçəklik amili bu reallığı sübut etməkdədir. Bu dəfə A.Əliyevin AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması məsələsində…

Rövşən RƏSULOV