“Polisə qarşı qara yaxma kamaniyası radikal müxalifətin mətbəxində hazırlanıb” MÜSAHİBƏ

9 İyun 2020 11:34 (UTC+04:00)

Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir

- Elşən müəllim, şənbə və bazar günləri sərt karantin rejiminin tətbiq edilməsi zamanı polisin göstərdiyi yüksək xidmətə və peşəkarlığa kölgə salmaq üçün bəzi qüvvələr xüsusilə də, müxalifət qara yaxma kampaniyası aparırlar. Bununla bağlı nə deyə bilərsiniz?

- Azərbaycan polisi hər zaman asayişin keşiyində durub, qanun çərçivəsində fəaliyyət göstərib, vətəndaşa münasibətdə ləyaqətlə, vicdanla, humanistcə davranıb. Karantin dövründə baş verən proseslərdə də polis öz işini icra edir. Çünki qanunun tələbi budur və əgər məlum hadisələrdən şou düzəltmək, bəhrələnmək istəyən hansısa radikal müxalif qrup polisi gözdən salmaq üçün qara yaxma kompaniyası aparırsa, daha dəqiqi buna cəhd edirsə, həmin qaraguruha və o qaraguruhun başında duranlara qarşı ciddi ictimai təpki olmalıdır, belə avantüristlərin cavabı cəmiyyət tərəfindən dərhal verilməlidir. Dərhal və dərhal! Polisi qorumaq lazımdır. Polisə dəstək lazımdır. Və bu dəstək bizim hər birimizin timsalında özünü ehtiva etməlidir. Necə olur ki, kiminsə başına bir bəla gələndə, çətinə düşəndə, özü üçün təhlükə görəndə dərhal 102-yə zəng edib polis çağırır, amma pandemiya dövründə sadəcə xidməti vəzifəsini şərəflə yerinə yetirdiyi üçün həmin polis hədəfə gəlir? Mənim qənaətim budur ki, polisə qarşı məlum qara yaxma kamaniyası radikal müxalifətin mətbəxində məqsədli şəkildə planlanıb və hazırlanıb. Əvvəldən mətnlər tərtib olunub və sonra sosial şəbəkələrə ötürülüb. Stimul vericiləri də bayaq qeyd etdiyim, haqqında danışdığım qaraguruh liderləridir. Bu adamlar hətta belə həssas məqamda da populizmdən, saxtakarlıqdan, yalandan, iftiradan əl çəkmirlər. Dünən Əli Kərimlinin feysbukda yazdığı statusa baxdım. Yenə cəfəngiyat dolu cümlələri bir-birinin ardınca sıralamışdı. Aydın görünür ki, polisi hədəfə alan təbəqə məhz bunlardır. Sadəcə həmin bədxahlar anlamırlar ki, belə addımlarla əslində xaotizmi, itaətsizliyi, anarxiyanı təbliğ edirlər. Anlamırlar ki, polisin kimsə ilə ədavəti, şəxsi-qərəzliyi yoxdur. O, sadəcə işini görür, qanuna, hüquqa riayəti təmin edir, asayişin keşiyində durur.

- Avropanın bəzi ölkələrində və ABŞ-da polis zorakılığı adi hala çevrilib, Azərbaycanda isə polislər humanizm dəyərlərinə hörmət edən bir mövqe ortaya qoyur. Bəzi məkrli qüvvələrin Azərbaycan polisini gözdən salmağa cəhd edilməsi düşmən maraqlarına xidmət etdiyini demək olar?

- Cəmil Həsənli bir dəfə də Amerikada baş verən son olaylardan danışsın da, niyə danışmır? Niyə bir addımlığında olan hadisələri qiymətləndirmir, amma neçə min kilometr o yandan buradakı hadisələrə şərh verir? Çünki Cəmil Həsənli orada nökərdir, buyruq quludur. Artıq-əskik danışsa yeni çıxan bığını qopararlar. Ona görə də ancaq Azərbaycan polisini hədəfə alır, ağlına gələni danışır, nifrinlər püskürür. Eyni sözlər Əli Kərimliyə də aiddir. Bu buqələmunların tək məqsədi aranı qarışdırmaq, polis-vətəndaş qarşıdurması yaratmaq, sabit siyasi sistemi zədələmək və Azərbaycanın uğurlarına kölgə salmaqdır. Amma bu arzularına, bu istəklərinə çata bilməyəcəklər. Çünki xalq da, cəmiyyət də Cəmil Həsənli kimi, Əli Kərimli kimi nadürüstləri yaxşı tanıyır, onların hətta nəfəsinin də yalanla gedib-gəldiyini çox gözəl bilir.

- Dağıdıcı müxalifət və eləcə də onların təbliğat maşını olan saytlar polis-vətəndaş münasibətlərini pozmaq üçün hər cür iyrənc vasitələrdən istifadə edir. Onların vətəndaş-polis münasibətlərinə xələl gətirmələri nədəcə də inandırıcıdır?

- Nə onların özləri, nə də əllərində olan reket saytlar həmin münasibətlərə xələl gətirə bilməzlər. Azərbaycan xalqı öz polisini sevir və ona güvənir. Əli Kərimli, Cəmil Həsənli kimi avantüristlərin , siyasi qolçomaqların fikri isə kimsə üçün əhəmiyyətli deyil. Təbii, barmaqla sayılacaq 3-5 qaraguruh üzvündən savayı. Onlar nə illah eləsələr də, nə qədər iftira yağdırsalar da Azərbaycan polisinin təmiz adına ləkə vura bilməyəcəklər. Polis bizim güvənc və qürur yerimizdir. Eşq olsun, Azərbaycan polisinə!