Rauf Tağıyev: "Dövlət Əmək Müfəttişliyi nizam-intizamlı müəssisələr üçün sertifikatlar hazırlayacaq"
28 Aprel 2011 23:54 (UTC+04:00)
"Hazırda ölkəmizdə bəzi müəssisələr işə götürdüyü işçilərlə əmək müqaviləsi bağlamır və ya ona verdiyi məvacibin məbləğini olduğundan çox göstərir". Bu barədə SİA-ya açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Rauf Tağıyev deyib. Onun sözlərinə görə, bu çox neqativ haldır və işçi başa düşməlidir ki, bu proses onun gələcəkdə normal təqaüd almasında problemlər yaradacaq: "Düzdür, hazırda işçilər sırf işləmək naminə müəssisələrin bu təklifi ilə razılaşmalı olurlar, amma inanırıq ki, biz bu sahədəki nöqsanları təkcə yox, elə həmin işçi, işəgötürən və həmin müəssisənin həmkarları ilə bir yerdə aradan qaldıracağıq. Bu yöndə çalışmalarımızı artırıq və inanıram ki, bu sahədə istəyimizə nail olacağıq". Xidmət rəisinin sözlərinə görə, bu barədə hətta Dövlət Əmək Müfəttişliyi tərəfindən nizam-intizamlı müəssisələr üçün sertifikatların hazırlanması qərara alınıb və bu yöndə seçilən şirkətlərin sertifikatla təmin olunması nəzərdə tutulur.