7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatının 2018–ci il 20 dekabr tarixli qərarı ilə ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib. SİA-nın Dünya Səhiyyə Təşkilatının məlumatına istinadən verdiyi xəbərə görə, dünyada hər il müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində təxminən 600 milyon insanda qida zəhərlənmələri baş verir. Nəticədə Yer kürəsinin hər 10 sakinindən biri tibbi müayinəyə ehtiyac duyur.
Ümumdünya Qida Təhlükəsizliyi Günü həmin təhlükələrə diqqət çəkmək üçün Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə qeyd edilir. Bu il Ümumdünya Qida Təhlükəsizliyi Günü dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün “Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır” şüarı ilə keçirilir.