Gənclər arasında mübahisə bıçaqlanma ilə nəticələnib - Sumqayıtda

7 İyun 2020 10:05 (UTC+04:00)

Sumqayıt şəhərində dünən axşam saatlarında gənclər arasında yaranan mübahisə bıçaqlanma ilə yekunlaşıb. Hadisə şəhərin 10 mikrorayon ərazisində baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə pul borcu üstündə baş verib. Şəhər sakini Namiq Rəhimov mübahisə zəminində 1988-ci il təvəllüdlü Zöhrab Qasımovu bıçaqlayaraq öldürüb. Qardaşının öldüyünü görən Tofiq Qasımov isə bıçaqla N.Rəhimovu ürəyindən vurub. Nəticədə 1989-cu il təvəllüdlü N.Rəhimov da ölüb. Kimliyi məlum olmayan şəxs isə T.Qasımova kəsici alətlə ağır xəsarətlər yetirib. Həmin şəxsin hadisə yerindən qaçdığı deyilir.

31 yaşlı T.Qasımov xəstəxanaya yerləşdirilib. Sumqayıt Şəhər Təcili Tibbi Xəstəxanasında verilən məlumata görə, onun vəziyyəti stabildir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.