Koronavirusa yoluxan Emindən xəbər var FOTO

6 İyun 2020 12:12 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, “Crocus Group”un birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov koronavirusa yoluxub. SİA-nın məlumatına görə, müğənni heç vaxt hərarətinin olmadığını və xəstəliyi barədə təsadüfən öyrəndiyini açıqlayıb: “İşə getmək istəyirdim, odekolon vurdum, heç bir qoxu hiss etmədiyimi başa düşdüm. Sonra səhər yeməyinə getdim və bütün yeməklərin dadsız olduğunu anladım. Beləcə test verdim və nəticə müsbət çıxdı”.
Onun sözlərinə görə, evdə qalmalı olduğu iki həftə müğənni üçün həyatında yeni səhifə olub: “Evdən işləməli oldum. Karantində idim. Bu, mənim üçün yeni bir şey idi. İki həftə ərzində evdə tək qaldım. Halbuki həyatımda heç vaxt, bir dəqiqə olsun belə, tək qalmamışdım. Buna görə də 40 ildə ilk dəfə öz-özümlə görüşdüm və bu adamla tanışlıqdan təəccübləndim”.

Ağalarov sosial media hesabında fotosunu yayımlayıb və bu sözləri yazıb: “Əsas odur ki, hər hansı bir düşmə bizi yeni yüksəlişlərə hazırlayır”.

Qeyd edək ki, Emin Ağalarov artıq tam sağalıb, onun qanında koronavirus infeksiyasına qarşı antikor aşkarlanıb.