“Azərbaycan gəncliyi və müasirlik” mövzusunda konfrans keçirilib

28 Aprel 2011 21:05 (UTC+04:00)

Bu gün Naftalan şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin iştirakı ilə "Azərbaycan gəncliyi və müasirlik" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda YAP icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkilləri Mübariz Qurbanlı, Məlahət İbrahimqızı təhsil nazirinin müavini Elmar Qasımov iştirak edib.

 

Konfransı açan Ə.Əhmədov bildirib ki, Azərbaycan gəncliyi ölkənin qürurlu inkişafının fəal iştirakçısıdır Azərbaycan gəncliyinin prezident İlham Əliyevin apardığı siyasətin fəal iştirakçısı olduğunu deyən YAP icra katibi qeyd edib ki, İlham Əliyev siyasətinin dəstəkçiləri ildən-ilə artır. O, qeyd edib ki, partiya rəhbərliyi ilə gənclərin dünyagörüşü fərqlidir və bu dünyagörüşü pozitiv mənada fərqlənir. Ə.Əhmədov Azərbaycanın modernləşdiyini və modern Azərbaycanın gələcəyinin sağlam düşünən gənclərsiz təsəvvür etmənin mümkün olmadığını vurğulayıb. Azərbaycanın daha da inkişaf edəcəyini deyən Ə.Əhmədov bildirib ki, gələcək Azərbaycanın idarə olunması üçün bugünkü gənclər hazır olmalıdır. O, vurğulayıb ki, Azərbaycanı gələcəyə aparmaq üçün bugünkü sabitliyi qorumaq lazımdır: "Müəyyənləşmiş siyasətin həyata keçirilməsi yolları gənclərin fikirlərinə, dünyagörüşünə maksimum uyğunlaşdırılmalıdır".

 

YAP Gənclər Birliyinin sədr müavini Ramil Məmmədov çıxışında prezident İlham Əliyevin bütün qüvvəsi ilə Azərbaycan gəncliyini dəstəkçisi olduğunu bildirib. R.Məmmədov həmçinin bildirib ki, Azərbaycan gəncləri onlara göstərilən qayğının qarşılığını vermək üçün daha da fəal olmalı və prezident İlham Əliyevin uğurlu siyasətinə dəstək verməlidirlər.

 

Gənclər Birliyi Şurasının üzvü Sitarə Cabbarlı da çıxışında Azərbaycan gəncliyinə hər cür dəstək verildiyini bildirib. Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin bu gün yeni bir mərhələyə qədəm qoyduğunu deyən S.Cabbarlı gənclər siyasətinin həyata keçirilməsi üçün dövlər proqramı ilə bağlı sərəncam verdiyinə görə təşəkkürünü bildirib. Bir neçə gün bundan əvvəl prezident İlham Əliyevin gənclərlə görüşünü xatırladan Gənclər Birliyinin üzvü bildirib ki, bu görüş gənclərin ən böyük hamisinin İlham Əliyev olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan gənclərinin inkişafı üçün geniş potensialı var və gənclər müasir dünyanın mütərrəqqi təcrübəsindən yararlanmalıdırlar.

 

Gənclər Birliyinin üzvü Qabil Qafarov çıxışında Azərbaycanın digər vətəndaşlarına nisbətən gənclərə daha çox dövlət qayğısının olduğunu söyləyib. Azərbaycan gəncliyinin müasirləşmə yolu tuduğunu deyən Q.Qafarov tarixi keçmişin də unudulmamalı olduğunu deyib. İri dövlətlərin ideologiyası olmayan dövlətlərin olmasını istədiyini qeyd edən Gənclər Birliyin üzvü söyləyib ki, ideoloji istiqamətdə fəaliyyəti artırılmalıdır.

 

Gənclər Birliyinin daha bir üzvü Fidan Hüseynova də dövlətin gənclərə xüsusi qayğının olduğunu və bunun onlarda böyük ruh yüksəkliyinə səbəb olduğunu bildirib.

 

Gənclər Birliyinin digər çıxışçıları da vurğulayıblar ki, dövlət gənclərə diqqət və qayğısı yetərincədir və gənclər bunun qarşılığı olaraq ölkənin inkişafında daha fəal iştirak etməlidir. Çıxışlarda radikal müxalifətin aksiya cəhdləri də xatırlanıb və bu cür hərəkətlərin yolverilməz olduğu bildirilib. Qeyd edilib ki, 10-15 nəfər heç də Azərbaycan gəncliyi demək deyildir.

 

Qeyd edək ki, tədbir iştirakçıları konfransdan əvvəl ulu öndər Heydər Əliyevin Naftalan şəhərindəki abidəsini ziyarət ediblər. Ə.Əhmədov, B.Muradova, M.Qurbanlı, M.İbrahimqızı və YAP Cənclər Birliyinin üzvləri ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Gənclər Birliyinin bir qrup üzvü isə konfrans proqramı cərçivəsində Gəncə şəhərində olub. Onlar şəhərdə Heydər Əliyev abidəsi, Nizami Gəncəvi və Cavadxan məqbərələrini və Mir Cəlal muzeyini ziyarət ediblər.