“ASAN xidmət” və vətəndaş razılığı

5 İyun 2020 14:32 (UTC+04:00)

“ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola bildik». Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında cixiş edərkən bildirib. Bu gün müasir Azərbaycan innovativ texnologiyalardan istifadə imkanları ilə dünyada seçilən ölkələr sırasındadır. Dövlət başçısı tərəfindən Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiqi, cəmiyyətdə informasiya texnologiyalarının istifadəsinə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər həyata keçirilir. Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb və müvafiq hüquqi baza formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı və həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci ildən bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək "ASAN xidmət" mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi.

"Biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik"

Dövlət başcisi növbəti “ASAN xidmət” mərkəzinin açılışınin çox əlamətdar hadisə oldugunu bildirib: "Çünki biz qısa müddət ərzində “ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq və bu proses davam etdirilir. Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Onlardan bəziləri demək olar ki, hazırdır, bəzilərində isə işlər davam etdirilir. Beləliklə, biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik. Əslində, bizim planlarımız da bundan ibarət idi. Biz bu təşəbbüsü irəli sürəndə mənim qəti fikrim ondan ibarət idi ki, əgər bu təcrübə müsbət olarsa, - mən buna şübhə etmirdim, - bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir. Biz bu işi ardıcıllıqla görürük. Bu gün bu mərkəzin işinə start verərkən gördüm ki, “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olmuşdur".

2012-ci il dekabrın 29-da pilot layihə olaraq Bakıda 1 saylı "ASAN xidmət" Mərkəzi fəaliyyətə başladı. 2013-cü il ərzində paytaxtın bir neçə rayonunda "ASAN xidmət" mərkəzləri istifadəyə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Bu gün ölkəmizin müxtəlif məkanlarında bu mərkəzlər fəaliyyət göstərir. Bu gün mərkəzlərin sayı artır. Eyni zamanda, "ASAN xidmət" səyyar şəkildə də vətəndaşlara xidmət göstərir. Azərbaycanın regionlarına səyyar təşkil olunan xidmətdən yüzlərlə insan yararlanır və dövlət tərəfindən yaradılan şəraitdən məmnun qalırlar.

“ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir"

"ASAN xidmət" bir çox ölkələr üçün cəlbedicidir. "ASAN xidmət" mərkəzləri "vahid məkan" prinsipi əsasında fəaliyyət göstərir. "ASAN" modelinin altı əsas prinsipi var: operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq. "ASAN xidmət" mərkəzlərində vətəndaşlara xidmət daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur. «Bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur» deyən Ğənab Prezident bildirib ki, biz artıq bu intellektual məhsulu ixrac edirik: "Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmət” innovasiyadır və hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur, o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır".

Təbii ki, müasir dövrümüzdə "ASAN xidmət" qısa müddətdə uğur qazanıb və dünyaya nümunə olan modelə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Azərbaycanın "ASAN xidmət" modeli dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraq var. "ASAN" Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülüb.

"Harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq"

Ümumiyyətlə, Azərbaycanda aparilan bütün işlər müasir səviyyədə həyata keçirilir. Hər görülən iş, aparılan islahatlar, reallaşan layihələr insanların sosial məişətinin və həyatın firəvanlığına yönəlib. Buna Azərbaycanın, bütövlükdə, inkişafı imkan verir. Eyni zamanda, bu mərkəzdə yeni texnologiyalar və innovasiyalar tətbiq olunur. Bu, innovasiya, yeni fikrin və yeni yanaşmanın yaranması Azərbaycanın inkişafının göstəricisidir.

Bu gün "ASAN xidmət" Mərkəzində vətəndaşların rahatlığı, şəffaflıq təmin edilir və "bir pəncərə" prinsipi tətbiq olunur. "ASAN xidmət”in əsas xüsusiyyətlərindən biri də odur ki, insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi", deyən dövlət başcısı qed edib ki, ictimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi: "İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Amma artıq neçə ildir ki, bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Bu, bir də onu göstərir ki, harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq".

Əlbəttə ki, bu dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin "dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir" yanaşmasının formalaşdırılmasına da müsbət təsirini göstərir.

ZÜMRÜD BAYRAMOVA