“Sehrli üzük” tamaşası onlayn nümayiş olunacaq

5 İyun 2020 14:41 (UTC+04:00)

İyunun 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən “Sehrli üzük” tamaşasını nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12-də nümayiş olunacaq. SİA-nın məlumatına görə, tamaşanın qurluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.

Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbəsinin nümayişi olacaq.

Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləliklə, bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.