ABŞ-dakı seçkilərin nəticəsi bütün dünyaya təsir edəcək ÖZƏL - MÜNASİBƏT

5 İyun 2020 12:27 (UTC+04:00)

"Tramp seçkilərin nəticəsi kimi hakimiyyətdə qalarsa Yaxın Şərqdən Amerika ordusunun çıxma prosesi bir qədər də sürətlənəcək. Avropa ilə daha məsafəli və maddi tərəfləri güdən bir siyasət davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ABŞ-da keçiriləcək seçkilərin nəticələrinin dünyadakı proseslərə təsirlərindən danışarkən deyib.

Onun sözlərinə görə, dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarında keçiriləcək Prezident seçkilərinin nəticələri təkcə Amerikada hiss edilməyəcək, eyni zamanda, bu, bütün dünyada hiss olunacaq:

"Təbii ki, Prezident seçkiləri zamanı Co Bayden və ya Donald Tramp arasında keçəcək mübarizədə kimin qalib gələcəyindən çox şey asılıdır. Bilirik ki, Demokratlar Partiyası və Respublikaçılar Partiyasının, eyni zamanda Liderlərin bir qədər fərqli siyasəti mövcuddur. Amma, ümumilikdə, Amerikanın oturuşmuş xarici siyasəti var. Buna görə də, ABŞ-ın xarici siyasət strategiyası davam edəcək. O ki, qaldı seçkilərin Yaxın Şərq və Avropaya təsirləri haqqında, təbii ki, hakimiyyətdə Donald Tramp qalarsa, Yaxın Şərqdən Amerika ordusunun çıxma prosesi bir qədər də sürətlənəcək. Avropa ilə daha məsafəli və maddi tərəfləri güdən bir siyasət davam edəcək. Çox güman ki, Rusiya ilə münasibətdə, Vladimir Putin daha çox simpatiya bəsləyir, nəinki Bayden və Demokratlar Partiyasının bir çox üzvlərinə. Ona görə əsas vurğu Çin üzərində mübarizəyə və təzyiqə ediləcəkdir".

Politoloq vurğulayıb ki, əgər hakimiyyətə Co Bayde gələrsə, bu Avropa ilə ABŞ arasındakı münasibətlərin bir daha sıxlaşmasına gətirib çıxarda bilər:

"Eyni zamanda, Yaxın Şərqdə, İraqda, Liviyada və Suriyada, həmçinin, İranla bağlı məsələlərdə fərqli siyasətin güdülməsi istisna deyil. Hər bir halda bunları danışmaq hələ ki, tezdir. İndiki fikirlər Amerikadakı seçkilərə yönəlib. İndiki seçkilər bir çox məsələlərə aydınlıq gətirəcək. Bu il seçkilərlə bağlı dünyada bizim hər birimizin həyatına təsir edə biləcək proseslərin şahidi olacağıq".

Zaur Məmmədov Donald Trampın yenidən prezident seçilmə ehtimalı ilə bağlı qeyd edib ki, bu gün generallar və eyni zamanda Amerikadakı bir qrup maliyyəçi alim Trampa qarşı dayanırlar:

"Onun apardığı siyasət bir çox şəxsə sərf etmir, buna görə də Amerikanın daxilində son zamanlar hər bir ştatda baş verən ixtişaşlar Trampa qarşı təzyiqlərin nəticəsidir. Nə olursa olsun onlar Donald Trampın hakimiyyətə gəlməsinə də maraqlı deyillər".