"Dostoyevskinin gözəl bir kəlamı var. İnsan varlığının sirri yalnız yaşamaqda deyil, nəyin naminə yaşamaqdadır. Hər birimizin mövcud məqsədləri və amalları var. Onların reallaşması, həyata keçməsi naminə sağlam, fiziki və mənəvi cəhətdən kamil insan kimi formalaşmaq üçün çaba sərf etməliyik". Bunu SİA-ya açıqlamasında YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva deyib.
O bildirib ki, nəyinsə naminə yaşamaq və onların reallaşması üçün özünün sağlamlığının, ətrafının sağlamlığının qeydinə qalmalı və bunun məsuliyyət yükünü dərk etməlisən: "Məsuliyyət sözü ərəb dilində "sorğu-suala çəkmək", "hesablaşmaq" mənasını ifadə edir. Bu başqasına deyil, özünlə hesablaşmaq, özünü sorğu-suala çəkmək nöqteyi nəzərindən baxdıqda daha müsbət nəticələr əldə etməyə, daha kamil insan kimi formalaşmağa şərait yaradır. Yəni özünə qarşı, dediyin sözə qarşı, etdiyin əmələ qarşı məsuliyyətli olmağı əks etdirir. İkiqatına məsuliyyət isə ətrafa qarşı olmalıdır, çünki fərdilik ümumiliyə keçid alanda məsələ daha da qəlizləşir. Demək ilkin addım, özündə, sona gedən nəticəni həll edir. Hər bir insan vaxtını, elmini və qazancını necə sərf etdiyindən, sağlamlığından məsuliyyət daşıyır. İnsanın özünü, öz maddi və mənəvi potensialını maksimum reallaşdıra bilməsi üçün ona ilk növbədə fiziki sağlamlıq lazımdır. Hər bir insan müəyyən mənəvi zənginlik əldə etmək, əxlaqi cəhətdən saf olmaq, yüksək estetik zövqə malik olmaq üçün ilk növbədə fiziki cəhətdən mövcud olmalıdır, həm də kifayət qədər sağlam şəkildə mövcud olmalıdır ki, həmin keyfiyyətləri əldə etmək, yaşatmaq və təkmilləşdirmək üçün mübarizə edə bilsin".
Z.Musayeva söyləyib ki, Azərbaycanda sağlamlıq haqqında yetərincə, mükəmməl qanuni baza mövcuddur və ana qanunumuzda da qeyd olunduğu kimi hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var: "Eyni zamanda "Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu" əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal, uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusunu özündə ehtiva edir. Bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. Dövlət üzərinə düşən vəzifələri yetərincə yerinə yetirir, burada sual yaranır, bəs vətəndaşlar bu vəzifələrin icrasında öz məsuliyyətinin fərqinə varırmı ?! Son günlər bütün dünyanı narahat edən Koronavirus pandemiyası və onun yaratdığı fəsadlar dünya əhalisi üçün qorxunc bir bəlaya çevrilib. Bu xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə bir çox ciddi addımlar atılıb".
Pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasətin aparıldığını qeyd edən YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri vurğulayıb ki, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, yoluxucu xəstəliklə bağlı vəziyyət ölkə rəhbərliyinin daimi nəzarətindədir: "Dünyada ilk dəfə olaraq Zirvə görüşündə beynəlxalq təşkilat çərçivəsində, dövlət başçılarının iştirakı ilə bəşəriyyəti narahat edən yoluxucu xəstəliyin fəsadları, onun insanların sağlamlığına, ölkələrin sosial-iqtisadi təhlükəsizliyinə yaratdığı təhdidlər müzakirə edildi. Azərbaycan dövləti əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirir. Hər bir vətəndaş da özünün və ətrafını qorumaq naminə məsuliyyətli olmalıdır. Koronavirus pandemiyasından az itkilərlə çıxmaq üçün vətəndaşlar müvafiq qaydalara ciddi şəkildə əməl etməlidirlər. Təəssüf ki, xüsusi karantin rejimi yumşaldılandan sonra bəzi insanlar məsələyə laqeyd yanaşırlar. Amma belə yanaşma doğru deyil".
Onun sözlərinə görə, hazırda pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır: "Məlumdur ki, TƏBİB tərəfindən pandemiya ilə əlaqədar ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün metodiki göstərişlər, qaydalar işlənilib hazırlanıb. Əlbəttə ki, bu maarifləndirmə işləri böyük əhəmiyyət kəsb edir. Əgər obyekt sahibləri, vətəndaşlar həmin metodiki göstərişlərə və qaydalara əməl edərlərsə infeksiyaya yoluxma halları da minimum səviyəyyə enə bilər. Ona görə də, bu qaydalara mütləq qaydada riayət etməlidir. Bu mənada, burada maarifləndirmə işlərinin rolu böyükdür və hazırkı şəraitdə maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir".
İnfeksiyaya yoluxma hallarının artmasının qarşısını almaq məqsədilə Operativ Qərargah tərəfindən müvafiq yerlərdə tibbi maskalardan istifadənin zərurliyi haqqında qərar qəbul edildiyini xatırladan Z.Musayeva deyib ki, eyni zamanda, Azərbaycanda epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib: "Milli Məclis tərəfindən bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Belə bir təcrübə dünya ölkələrində də mövcuddur. Burada məqsəd insanları cəzalandırmaq deyil, onları infeksiyaya yoluxmaqdan qorumaqdır. Cənab Prezident İlham Əliyevin iyunun 3-də Tərtər rayonunda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi Azərbaycanın hər bir vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir. Vətəndaş məsuliyyəti olmazsa, infeksiyaya yoluxma halları yenidən arta bilər. Necə ki, son günlər bu xoşagəlməz artımı müşahidə edirik. Operativ Qərargahın karantin rejiminin yumşaldılmasına baxmayaraq, insanalara sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə, sanitar-gigiyenik qaydalara əməl etməyə və zərurət olmadıqda evdən çıxmamağa dair çağırışlarına baxmayaraq, bir çox vətəndaşlar bu çağırışlara və tövsiyələrə əməl etmirlər. Bu səbəbdən də karantin rejiminin bir sıra məqamlarda yenidən sərtləşdirilməsi ilə bağlı iyunun 4-də Operativ Qərargah qərar qəbul etməyə məcbur oldu. Ona görə də, əgər koronavirus bəlasından xilas olmaq istəyiriksə, qərar və tövsiyələrə hamılıqla əməl etməliyik".