“Azərbaycanla əməkdaşlığa böyük maraq var” ÖZƏL-MÜNASİBƏT

4 İyun 2020 17:17 (UTC+04:00)

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib, konfransda bir sıra məsələlərə toxunulub və ilk olaraq onu vurğulamaq lazımdır ki, Asia İnkişaf Bankını Azərbaycanla uzunmüddətli qarşılıqlı faydalı münasibətlər birləşdirir. Bu sözləri SİA-ya müsahibəsində politoloq Yusif Bağırzadə deyib.

Politoloq qeyd edib ki, bu bank Cənub Qaz dəhlizinin tikintisi zamanı layihəni kreditləşdirən bank olub və ondan sonrakı dönəmdə də Azərbaycanla çox sıx şəkildə əməkdaşlıq edib.

“Dünya ölkələrinin indiki çətin durumunda, neftin qiymətlərinin kəskin aşağı düşməsi fonunda Asia İnkişaf Bankının yenə də Azərbaycanla əməkdaşlığa can atması ölkə başçısı tərəfindən aparılan iqtisadi kursun, eləcə də aparılan xarici iqtisadi münasibətlərin nə qədər düzgün olduğunun ən bariz göstəricisi sayıla bilər.

Aparılan uğurlu siyasətin nəticəsidir ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda büdcənin yeni reallıqlara uyğunlaşdırılmasına nail olunub, ölkədə sosial layihələrin heç biri ixtisara salınmayıb. Cənab prezidentin də dediyi kimi, xərclərimiz daim mənfəətimizdən aşağı olub. Ehtiyatları qorumaq və artırmaq həmişə ən başlıca iqtisadi hədəf olub.

Aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün 150-dən çox ölkə maliyyə dəstəyi üçün beynəlxalq maliyyə institutlarına müraciət etdiyi halda Azərbaycan onların arasında deyil. Əksinə pandemiya dövründə Azərbaycanın neçə ölkəyə maliyyə yardımı etdiyinin hər birimiz şahidi olmuşuq. Bu addımlar isə şübhəsiz ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasına təsir edir. Bütün bunlar onu sübut edir ki, Azərbaycanda sözügedən məsələdə son dərəcə düşünülmüş siyasət həyata keçirir”, deyə Yusif Bağırob bildirib.