Karantin qaydalarına ciddi əməl olunmalıdır

4 İyun 2020 16:30 (UTC+04:00)

Azərbaycan pandemiyanın yaratdığı vəziyyəti nəzarətə alan ilk ölkələr sırasındadır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının Prezident İlham Əliyevə dəfələrlə ünvanladığı təşəkkür məktubları da sübut edir. Lakin sərt karantin rejiminin yumşaldılması, bunun nəticəsində bir sıra insanların tövsiyyə olunan sanitar- epidemioloji qaydalara əməl etməməsi, həmçinin, sosial şəbəkələrdə bəzi şayiələrin, düşmən qüvvələrin məqsədyönlü şəkildə yaydıqları feyk informasiyaların fonunda yoluxmaların sayı artıb.

Son günlərin statistikası heç də ürəkaçan deyil. İnfeksiyaya tutanların sayı sağalanları xeyli üstələyib. Bu səbəbdən karantin rejiminin yenidən sərtləşdirilməsi gündəmdədir. Bu, həftə sonları tam qapanma tədbirlərini nəzərdə tutur. Karantin rejimindəki məhdudiyyətlərin bəzisinin aradan qaldırılması, yumşaldıcı tədbirlər o demək deyil ki, vətəndaşlar əvvəlki həyat tərzlərinə geri dönməlidirlər. Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunması təssüf hissi doğurur. Vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar.

Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin ölkəmizdə istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir. Burada əsas məqsəd insanlarımızın həyat və sağlamlığını qorumaqdır. Koronavirusun yayılması ilə bağlı iki günlük qapanma elan edilir ki, bu heç də ölkədə müəyyən təhlükəli vəziyyətin olması, yaranması ilə əlaqədar deyil və koronavirusun sürətlə yayılması ilə əlaqədardır. Bu qapanma olur ki, müəyyən məhdudiyyətlər qoyulsun və əhali bundan heç bir narahatçılıq keçirməməlidir. Dərhal dükan-bazara qaçmağa, narahatçılığa ehtiyac yoxdur. Hər bir kəs öz şəxsi həyatı və cəmiyyət qarşısındakı məsuliyyətini başa düşsün, mövcud tələb, tövsiyələrə riayət etsin. Qayda-qanuna əməl olunmalıdır.

Ölkə rəhbəri də tapşırıb, birinci vitse-prezident tərəfindən də dəfələrlə insanlara müraciət olunub, mütəxəssislər, səhiyyə orqanları da dəfələrlə müraciət edib ki, qaydalara əməl edilməlidir. Çox təəssüf ki, bəzi insanlar buna əməl etmirlər. Ona görə də bu iki günlük qapanma elə bilirəm ki, təmin olunmalıdır və hər bir insan tibbi maskadan, əlcəkdən istifadə etməyə çalışmalıdır. Ümumiyyətlə, insanlar qayda-qanuna əməl etməyə çalışmalı, qadağalara riayət etməlidir və bütün bunlar vətəndaşlarımızın sağlamlığı üçün çox önəmlidir.

Bildiyiniz kimi, Prezident İlham Əliyev bu günlərdə Tərtər, Ağcabədi rayonunlarına səfərdə olub, bir sıra vacib obyektlərin açılışında iştirak edib, vətəndaşlarla görüşüb. Ölkə rəhbərinin bu tədbirlərdə qoruyucu maskadan istifadə etməsi, sosial məsafə və digər müvafiq tövsiyələri gözləməsi hər birimiz üçün nümunə olmalıdır.

Cavad Mustafayev