“Hər birimiz bu məsələyə fərdi olaraq həssas yanaşmalıyıq" BƏHRUZ QULİYEV

4 İyun 2020 14:52 (UTC+04:00)

"Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmiləri də hazırkı vaxta qədər bəyan edirdilər ki, pandemiya dövründə vətəndaş məsuliyyəti çərçivəsində tələb olunan tətbiqlərə ciddi şəkildə riayət edilməlidir, əks halda koronavirusa yoluxma halları arta və karantin rejimində yenidən müəyyən sərtləşmələr həyata keçirilə bilər". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev şənbə və bazar günləri karantin rejiminin sərtləşdirilməsi ilə bağlı verilən qərarı şərh edərkən deyib.

Onun sözlərinə görə, təəssüf ki, müəyyən yumşaldılmalardan sonra müəyyən insanlarda arxayınlıq yaratdı. Halbuki, ölkə başçımız, Prezident İlham Əliyev cənabları daha əvvəlcədən bəyan etmişdi ki, əgər vəziyyət mənfi istiqamətə gedərsə, yenidən qərarların sərtləşdirilməsi mümkündür.

Ekspert söyləyib ki, ölkədə koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində görülən genişmiqyaslı tədbirlərin əsas məğzini əhalinin sağlamlığının qayğısına qalmaq, qlobal pandemiyadan az itki ilə çıxmaq təşkil edir. Lakin məsuliyyətsizlik faktı görülən işlərin daha səmərəli olmasının qarşısını alır və bu yolverilməzdir: "Baxın, dövlətimiz hər zaman olduğu kimi, pandemiya dövründə də vətəndaşların sağlamlığı ilə yanaşı, rifah halının yaxşılaşdırılması, eləcə də ölkə iqtisadiyyatının sabitliyini təmin etmək üçün bütün imkanlardan istifadə edir. Azərbaycan dünya ölkələri sırasında nümunə olaraq göstərilir, amma təhlükəni ciddi qəbul etməyənlər əfsuslar olsun ki, hələ də var. Halbuki, Prezident İlham Əliyev Tərtər rayonuna etdiyi səfəri çərçivəsində bir sıra komplekslərin açılışında tibbi maskadan istifadə etdi və bununla vətəndaşlara mesaj yolladı ki, hər kəs bu təhlükədən qorunmalı, ətrafını da qorumalıdır".

B.Quliyev qeyd edib ki, həftə sonları tətbiq ediləcək məhdudiyyətlər reallaşdırılacaq tədbirlər ölkəmizin qlobal pandemiyadan az itki ilə çıxması, vətəndaşlarımızın sağlamlıqlarının daha müfəssəl qorunmasına hesablanmış addımdıR:: "Hesab edirəm ki, xalqımız qəbul edilən qərarları düzgün dəyərləndirməklə ən yüksək xüsusiyyəti olan həmrəylik, birlik göstərməli, tətbiq olunan qaydalara ciddi riayət etməlidir. Əgər bu olarsa, dövətimiz və xalqımız tezliklə bu bəladan az itkilərlə, birdəfəlik qurtulacaq. Əsas odur ki, müxtəlif tədbirlər nəticəsində pandemiya tam nəzarətə götürülüb. Amma lazım gəldiyi təqdirdə karantin rejiminin uzadılması və ya sərtləşməsi də qaçılmazdır. Vətəndaşlarımız bunu anlamalı və qəbul etməlidirlər. Ona görə də hər birimiz bu məsələyə fərdi olaraq həssas yanaşmalıyıq".