"Uşaqlar virusa yoluxma həssaslığı ən az olan qrupa daxildir" ÖZƏL - AÇIQLAMA

4 İyun 2020 14:07 (UTC+04:00)

"3 iyunda ölkədə koronovirusa yoluxma sayının 300-ü ötməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın şənbə və bazar günləri keçirilməsi nəzərdə tutulan bütün imtahanları təxirə salmağa məcbur edir. Lakin, düşünürəm ki, buna ehtiyac yoxdur". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov həftə sonları tətbiq ediləcək tam qapadılma ilə əlaqədar imtahanların təxirə salınması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, mart ayından keçirilməsi nəzərdə tutulmuş buraxılış və qəbul imtahanları uzun fasilədən sonra iyun ayının 6-dan etibarən keçirilməyə başlanmalıdır: "Düşünürəm ki, imtahanların təxirə salınmasına ehtiyac yoxdur. Birincisi ona görə ki, ÜST-ün və digər qurumların məlumatına görə uşaqlar virusa yoluxma həssaslığı ən az olan qrupa daxildir. Əgər sanitar epidemioloji qaydalara əməl olunsa imtahanların təşkil edilməsi mümkündür. İkincisi yeni qaydalara görə hər bir şagird buraxılış imtahanlarını öz rayonunda, hətta, Bakı şəhəri üzrə öz məktəbində verəcək".

Ekspert Kamran Əsədov bildirib ki, bu zaman da imtahanlarda kütləvilik müşahidə olunmayacaq: "Hər məktəbdə imtahan verəcək şagirdlərin sayı çox azlıq təşkil edəcək. Üçüncüsü isə bütün bölgələr üçün eyni zamanda imtahan keçirilmir. İmtahanlar yalnız bir neçə rayonu əhatə etdiyi üçün təxirə salmağa ehtiyac yoxdur. İmtahanların keçirilməsi vaxtının tez-tez dəyişməsi şagirdlərdə psixoloji gərginlik yaradacaq".

Qeyd edək ki, yoluxma sayının həddən artıq çoxalması və vətəndaşların qaydalara riayət etməməsi ilə əlaqədar Operativ Qərargah dünən keçirilən brifinqdə həftə sonları tam qapadılmanın həyata keçiriləcəyini açıqlamışdı.