"Ermənistanı güc hesabına danışıqlar masasına yerləşdirmək lazımdır" ÖZƏL - AÇIQLAMA

4 İyun 2020 13:26 (UTC+04:00)

"Biz öz səlahiyyətimizdən və hüququmuzdan istifadə edərək bu münaqişəni məhz anti-terror əməliyyatları keçirməklə həll etmək iqtidarındayıq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan deputatı Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, Tərtər Olimpia Kompleksinin açılışında Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində toxunduğu bir neçə məsələlər oldu: "Əsas məqam ondan ibarətdir ki, ümumiyyətlə, Ermənistanın tarixi, eyni zamanda da Dağlıq Qarabağın tarixi ilə bağlı Prezident İlham Əliyev çox mühüm bir açıqlama verdi. Bir daha qeyd etdi ki, tarixdə çox uzağa getməyə ehtiyac yoxdur. Azərbaycan ərazilərinin vaxtilə ermənilərə verilməsi, eyni zamanda, Dağlıq Qarabağ ərazilərinə ermənilərin köç etməsi onların özləri tərəfindən də dəfələrlə etiraf olunub. Onlar bir daha bilməlidirlər ki, bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Prezidentin çıxışında ən mühüm məqamlardan biri bu idi".

Onun sözlərinə görə, digər bir məsələ Dağlıq Qarabağ münaqişəsinin həllidir və Prezident İlham Əliyev qeyd etdi ki, bu gün artıq birinin həbs edildiyi, gələcəkdə də digərinin həbs ediləcəyi ehtimal olunan, keçmiş Dağlıq Qarabağ qondarma qurumunun rəhbərlərinin həqiqətən də cinayətkar olduqlarını həm erməni xalqı, həm də bütün dünya bildi: "Məlumdur ki, bu şəxslər hansı cinayətləri törədib və bunun hesabına Ermənistanda, hətta, hakimiyyətə gəliblər. Digər məsələ ondan ibarədir ki, biz ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh yolu ilə həll olunması istiqamətində müvafiq addımlar atdığını bilirik və bu istiqamətdə də biz sülhü dəstəkləyirik. Lakin, Azərbaycan güclü bir dövlətə çevrilir və güc hesabına onları danışıqlar masasına yerləşdirmək lazımdır. Əks halda biz öz səlahiyyətimizdən və hüququmuzdan istifadə edərək bu münaqişəni məhz anti-terror əməliyyatları keçirməklə həll etmək iqtidarındayıq. Həm qlobal, həm regional oyunçular və dövlətlər bizi dərk etməli və başa düşməlidirlər. Həmin an yetişəndə bu məsələnin həlli istiqamətində heç kəsdən soruşmadan müvafiq addımlar atacağıq. 2016-cı ildə Aprel hadisələrində əməliyyatların dayandırılmasını bizdən necə xahiş edirdilərsə artıq bu məsələ tək regional dövlətlər üçün deyil, qlobal dövlətlər üçün də görk olmalıdır. Biz bu məsələni öz gücümüzə həll eməyə qadirik".