“Azərbaycanın xilaskarı” müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTOLAR

4 İyun 2020 13:19 (UTC+04:00)

Yasamal rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə keçirilən “Azərbaycanın xilaskarı” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub. SİA-nın məlumatına görə, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar hər il keçirilən rəsm müsabiqəsinin bu il COVID-19 infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ilə əlaqədar olaraq mərkəzin “Facebook” səhifəsində onlayn səsvermə əsasında keçirildiyini qeyd edib.

Sonra Mərkəzin direktoru Naminə Ömərova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar müsabiqənin qaliblərinə diplomlar, müsabiqə iştirakçılarına isə təşəkkürnamə təqdim edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.

Mükafatlandırma mərasimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq edilmiş zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara tam riayət olunaraq keçirilib.

Sonda Mərkəzin əməkdaşı qonaqlara ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib.