ABŞ-da baş verənlərin Yaxın Şərq siyasətinə birbaşa təsiri yoxdur - ŞƏRH ÖZƏL

4 İyun 2020 12:07 (UTC+04:00)

“ABŞ-da baş verən ixtişaşların onun Yaxın Şərq siyasətinə birbaşa təsiri yoxdur. Amma pandemiya ilə bağlı baş verən hadisələr əlbəttə ki, ABŞ-a böyük mənfi təsir göstərib. Son vaxtlar ABŞ Yaxın Şərqdəki hərbi bazalarında qulluq edən şəxsi heyətin sayı azalıb. Onlar ölkələrinə geri çağırılır”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, hərbi bazalarda koronavirusa yoluxmuş insanlar aşkar olunduğu üçün ciddi karantin tədbirləri tətbiq olunub və bu ciddi tədbirlər də öz növbəsində həmin hərbi bazaların fəallığına təsir göstərir: “Məsələn keçən il eyni zaman kəsiyində bu bazalar bir çox hallarda, xüsusilə İraqda, Suriyada fəal əməliyyatlarda iştirak edirdilər. İndi isə bu fəaliyyət xeyli azalıb. Demək olar ki, əməliyyatların miqyası və əhatəsi azalıb. Buna da ən böyük səbəb yuxarıda qeyd edildiyi kimi karantin dövrüdür”.

İ.Vəlizadə vurğulayıb ki, bütün bunlar o demək deyil ki, Amerika bu regiondan çıxacaq və ya elə bir niyyəti var: “Lakin hazırda ordunun fəaliyyətini xeyli məhdudlaşdırır. Bu vəziyyətin nə qədər vaxt davam edəcəyi, hansı fəsadlarla nəticələnəcəyini dəqiq demək çətindir, çanki hazırda diqqət başqa məsələlərə yönəlib. ABŞ Yaxın Şərqdə mövcudluğunu saxlayır, amma fəal işlər görmür. Yəqin ki, bu vəziyyət bir müddət davam edəcək. Amma onu da qeyd etmək yerinə düşər ki, əgər Yaxın Şərqdə Amerikanın əleyhdarları fəallaşsa o zaman bəlkə vəziyyət dəyişilə bilər”.