Etibar Məmmədov özünü nədə günahlandırdı? ANALITIK

4 İyun 2020 11:24 (UTC+04:00)

AMİP-in liderindən ilginc etiraflar

4 iyun hadisələrindən 27 il keçməsinə baxmayaraq, o zamankı məsuliyyət daşıyan bir sıra şəxslərin özlərini təmizə çıxarması cəhdləri hələ də mövcuddur. Lakin fakt budur ki, AXC-Müsavat cütlüyünün o zamankı “demokratik baxışları” yalnız qan-qadaya gətirib-çıxarırdı. Hazırda sözügedən hadisələrlə bağlı müxtəlif versiyalar səslənməkdədir, ancaq hakimiyyətdəkilər deyil, eyni zamanda parlamentdə təmsil olunanlar sabiq deputatlar, partiya rəhbərləri olan siyasilər də ilginc detalları açıqlamaqdadırlar.

“Azərbaycanın dövlətçiliyində xaosa səbəb olanlar indiyə qədər də böyük əksəriyyəti məsuliyyətini etiraf etməyiblər”

Həmin vaxtlar AMİP-in sədri və millət vəkili olmuş Etibar Məmmədov da mətbuata verdiyi müsahibəsində 4 iyun hadisələri ilə bağlı maraqlı məqamlara toxunub. SİA xəbər verir ki, hazırda adıçəkilən partiyanın fəxri lideri olan Etibar Məmmədov bildirib ki, o hadisələr yalnız mənfi nəticələrə gətirib çıxarıb, ancaq o hadisəni törədənlər indiyədək də məsuliyyətlərini etiraf etməyiblər. SİTAT: “O zaman rəhbərlikdə olan insanlar, vəziyyətin o yerə gəlib çıxmasına məsuliyyət daşıyanlar və onun qarşısını almaqda acizlik göstərənlər, qanunsuz hərbi əməliyyatlar hazırlayanlar, həmin əməliyyatlar baş verəndən sonra da vəziyyətin nizamlanması üçün qanuni tədbirləri görə bilməyənlər və nəticə olaraq Azərbaycanın dövlətçiliyində xaosa səbəb olanlar indiyə qədər də böyük əksəriyyəti məsuliyyətini etiraf etməyiblər”.

“Ancaq başqalarının üzərinə böhtanlar atmaqla məşğuldurlar”

Belələrinin başqalarını ittiham etmələri iddialarına da münasibətini bildirən AMİP-in fəxri lideri bu gün də eyni addıma getdiklərini bildirib. “Ancaq başqalarının üzərinə böhtanlar atmaqla məşğuldurlar”, deyən E.Məmmədova görə, yəni, qanunla məsuliyyət daşıyanlar, dövlətin və vətəndaşların təhlükəsizliyinə görə məsul olan vəzifəli şəxslər olub: “Təbii ki, qanunu pozanlar da olub, tabeçilik göstərməyənlər də olub. Məsələnin həlli üçün qanuni üsullardan istifadə edilməyib, yalnış yol seçilib və nəticədə də həmin vəziyyət yaranıb”.

“Hadisələrin baş verməsinə görə məsuliyyət daşıdıqlarını etiraf etməlidirlər”

E.Məmmədov həmçinin bildirib ki, onu tərəf tutmaqda günahlandıran o zamankı hakimiyyət - cəbhə nümayəndələri ciddi şəkildə yanılırlar.

“Bu günə qədər bir sözümü, ya cümləmi tapsınlar ki, mən kimisə dəstəkləmişəm”, deyən AMİP təmsilçisi o vaxtkı tələbini də xatırladıb: “Mənim tələbim yalnız o olub ki, məsul şəxslər izahat verməlidirlər və hadisələrin baş verməsinə görə məsuliyyət daşıdıqlarını etiraf etməlidirlər. Onlar da uzun müddət bu hadisələrdən əvvəlcədən xəbərlərinin olmadığını bildiriblər. Yalnız iki il bundan əvvəl onlardan bəziləri etiraf etməyə başladılar ki, bu, əvvəlcədən hazırlanmış əməliyyat olub, onlar onun hazırlanmasında iştrirak ediblər və hamının da bundan xəbəri olub. Halbuki həmin dövrdə məsuliyyət üzərinə düşən şəxslər var idi və onlar birinci xalqa izahat verməli idilər ki, nə baş verir, xalqa müraciət etməli idilər və hər şeyi açıq-aydın bildirməli idilər”.

“Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq”

E.Məmmədov hesab edir ki, vəziyyət qarışarkən, bu problemin həllinin qanuni məkanı Milli Məclis idi: “Hadisələr barədə MM-ə məlumat verib məsələlərin orada müzakirə edilməsinə şərait yaratmalı idilər. Onlar isə əksinə, hər şeyi gizlətməyə, məsuliyyəti boyunlarından atmağa başladılar”.

AMİP təmsilçisi o zamankı prezident Əbülfəz Elçibəyi və ətrafındakı komandasının birmənalı olaraq məsuliyyət daşıdıqlarına eyham vuraraq onu da bildirib ki, prezidentdən tutmuş nazirlərə qədər hamısı dedi ki, mənim xəbərim yoxdur. O, eyni zamankı baş nazir, hazırda AXP-nin sədri olan Pənah Hüseyni də ittiham edib və günahlarını başqalarının üzərinə atmamalarına çağırıb: “Ona görə də onların kimisə ittiham etməyə haqları çatmır. Necə olur ki, mənim xəbərim olur o əməliyyatın hazırlanmasından, onların xəbəri olmur? İyunun 2-də baş nazir Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq. Sonra da gəlib Milli Məclisdə çıxış edərək bildirmişəm ki, ayın 4-ə belə bir əməliyyat hazırlanır. Bunu da etmək olmazdı”.

“Gərək onu gözləməyəydim…”

“Əgər mənə də bu informasiya çatmışdısa, deməli, hücum etdikləri tərəfdə də o informasiya olub, bunun üçün onların da hazırlığı olub”, deyən E.Məmmədov bu əməliyyatın gizlilikdən çıxdığını da deyib və nəticəsinin də belə olacağı haqqında iyunun 2-də MM-də xəbərdarlıq etdiyini xatırladıb. Ancaq göründüyü kimi, nəticə çıxarmaq yerinə onlar qardaş qırğınına gediblər, bu gün də öz günahlarını ittiham şəklində digərlərinin üzərinə yıxırlar: “İndi onlar nəticə çıxarmayıblar, ona görə də heç kəsi ittiham etməyə haqları da yoxdur. Bir sözlə, bacarıqsızlıq və səriştəsizlik göstəriblər. Nəticədə də ölkədə xaos yaranıb. Ona görə də 4 İyun hadisləri Azərbaycanın dövlətçiliyinə də, inkişafına da çox böyük zərbə olub”.

AMİP-in lideri öz səhfini də etiraf edib və bildirib ki, o gözləmə mövqeyi tutduğuna görə özünü də günahlandırır: “Bu problemin həlli ilə bağlı mən bir müddət gözlədim ki, görək mənə nə zaman müraciət edəcəklər. Gərək onu gözləməyəydim, dərhal özüm prezidentlə əlaqəyə girəydim. Lakin prezident də hadisədən sonra, iyunun 8-də mənimlə əlaqə saxalyıb. Bəlkə də mən özüm vaxtında təşəbbüs göstərməli idim”.

Nəticə etibarı ilə mövcud müxalifətin – o zamankı AXC-Müsavat cütlüyünün təmsil olunduğu hakimiyyətin bu gün də həmin illərdəki kimi davrandıqlarını deyən E.Məmmədov belələrinin heç vaxt dəyişməyəcəklərini dolayısı ilə ifadə edib: “Lakin onu da deyim ki, vəzifəli şəxsin məsuliyyəti başqadı, qeyri-rəsmi şəxsin məsuliyyəti başqadı. Ona görə də bunlar elə 30 ildi eyni havanı çalıb-oynayırlar, hələ də yorulmurlar”.

Rövşən RƏSULOV