"Azərbaycan artıq dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib" ÖZƏL - AÇIQLAMA

3 İyun 2020 11:15 (UTC+04:00)

"Dünyanın inkişaf etmiş ölkələrində iqtisadi nəticələr və rəqəmlər mənfi nəticə göstərdiyi halda, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının 0,2 faiz artması və eləcə də, iqtisadiyyatın qeyri-neft sahəsinin 16 faiz artması ölkədə nə qədər dayanıqlı və davamlı iqtisadiyyatın olmasından xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü olan deputatı Cavid Osmanov deyib.

Millət vəkili bildirib ki, Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın rəhbərliyi ilə ölkə Prezidenti İlham Əliyev arasında videokonfrans formatında müşavirə keçirilmiş və bu videokonfransda Asiya İnkişaf Bankının prezidenti, vitse-prezidenti və digər heyət təmsil olunurdular: "Prezident İlham Əliyevin nitqində bir çox məsələlər müzakirə olundu. Eyni zamanda, Asiya İnkişaf Bankının Azərbaycan iqtisadiyyatında həyata keçirilən tədbirlərə, xüsusilə də, Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ən iri və ən birinci kredit verən banklardan biri olması Prezident İlham Əliyev tərəfindən xüsusi vurğulamışdır. Həmçinin, ölkə rəhbəri koronavirus pandemiyası dövründə həyata keçirilən tədbirlərdən də geniş nitq söyləmişdir. Prezident qeyd etmişdir ki, məhz, koronavirus pandemiyası dövründə Azərbaycan bir dövlət kimi təkcə milli ruhda deyil, eyni zamanda, regional və qlobal ruhda və xarakterdə də çıxış etmişdir. Ölkəmizdə və dünyada koronavirus pandemiyası dövründə həyata keçirilən zəngin sosial tədbirlər, iqtisadi tədbirlər deməyə əsas verir ki, Azərbaycan artıq dünyanın ən inkişaf etmiş və qüdrətli dövlətlərindən birinə çevrilmişdir. Təbii ki, burada ölkəmizdə həyata keçirilən zəngin sosial paket, insanların, xüsusilə də, özəl sektorda çalışan insanların əməkhaqqının əhəmiyyətli dərəcəsinin dövlət tərəfindən ödənilməsi, 100 minlərlə insanlara dövlət yardımının verilməsi, ən çox zərər çəkən iqtisadi bloka Azərbaycan dövləti tərəfindən yardımların və dəstəyin göstərilməsi bunun baris nümunəsidir".

Cavid Osmanov əlavə edib ki, Azərbaycanın iki dəfə 5 milyon dollar olmaqla Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar vəsait ayırması, ən çox zərər çəkən dövlətlərə yardımların göstərilməsi, Azərbaycan Prezidentinin 3 il müddətinə Qoşulmama Hərəkatının sədri kimi ümumilikdə 30 ölkəyə yardımların göstərilməsini təmin etməsi bir daha onu nümayiş etdirdi ki, Azərbaycan koronavirus pandemiyası dövründə bütün dünyaya öz töhfəsini verdi: "Bununla yanaşı ölkə Prezidenti iqtisadi sahəyə də çox geniş yer verdi. Qeyd edi ki, dünyanın inkişaf etmiş ölkələrində iqtisadi nəticələr və rəqəmlər mənfi nəticə göstərdiyi halda pademiya dövründə Azərbaycan iqtisadiyyatının 0,2 faiz artması və eləcə də iqtisadiyyatın qeyri-neft sahəsinin 16 faiz artması ölkədə nə qədər dayanıqlı və davamlı iqtisadiyyatın olmasından xəbər verir. Təbii ki, bunu ölkə Prezidentinin uzun illər həyata keçirdiyi düzgün iqtisadi siyasətin nəticəsi kimi qiymətləndirmək olar. Eyni zamanda, Asiya İnkişaf Bankı da, məhz, Azərbaycanın iqtisadi sektorunda həyata keçirdiyi tədbirlərin o cümlədən, enerji sahəsində və digər sahələrdə daha çox işlərin, birgə tədbirlərin müəyyənləşdirilib həyata keçirilməsi üçün yeni təkliflər irəli sürdü və bu o deməkdir ki, bu gün Azərbaycan dövlətinə və ölkə rəhbərinə dünyanın ən böyük banklarının şirkətlərinin, dövlətlərinin böyük etibarı var və bu Prezident İlham Əliyevin dünyada lider kimi çəkisinin, böyük nüfuzunun olmasından xəbər verir".