"ABŞ-da belə hallar analojidir və bundan sonra da davam edəcək" RƏY-ÖZƏL

3 İyun 2020 10:57 (UTC+04:00)

“Son baş verənlərdən sonra ABŞ-da irqi problemin davam etdiyini, bunun heç də müsbət həll edilmədiyini görürük. İrqi ayrı seçkiliyin afroamerikalılara qarşı edildiyinin şahidi oluruq. Qaradərili insanların ABŞ cəmiyyətinə tam inteqrasiyasına imkan verilmir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsəzullazadə deyib.

O bildirib ki, ABŞ-da polisin səlahiyyəti genişdir: “Lakin bu o demək deyil ki, o şübhəli şəxslər vurulmalıdır. Qənaətimə görə, Corc Floydun öldürülməsi məhz irqindən irəli gəlir. Ona qarşı insanlıq münasibəti göstərilməyib. ABŞ-da belə hallar analojidir və bundan sonra da davam edəcək. Çünki ABŞ cəmiyyəti buna hazır deyil”.

Politoloqun fikrincə, ABŞ-da baş verənlər Tramp administrasiyasının əleyhinədir: “Pandemiya, iqtisadi geriləmə, indi də kütləvi etirazlar Trampa soyuq duş effekti taradır. Respublikaçılar bundan onun əleyhinə istifadə edir və bunun seçkilərə qədər davam edəcəyi gözlənilir”.

M. Əsədullazadə hesab edir ki, impiçment və Rusiya ilə bağlı şübhələr Trampı zəiflədə bilmədi: “Lakin hazırda ABŞ-da yaranan vəziyyətdən istifadə edənlər maksimum çalışacaqlar ki, Trampın növbəti seçkilərdə qələbə qazanmaq şansını zəiflətsinlər. ABŞ cəmiyyəti bu məsələyə həssasdır və Tramp üçün çətin dönəm gözlənilir”.