"Vətəndaşlar qaydalara ciddi əməl etməlidirlər" Eldar İbrahimov

3 İyun 2020 10:49 (UTC+04:00)

“Koronavirus pandemiyasından az itkilərlə çıxmaq üçün vətəndaşlar müvafiq qaydalara ciddi şəkildə əməl etməlidirlər. Təəssüf ki, xüsusi karantin rejimi yumşaldılandan sonra bəzi insanlar məsələyə laqeyd yanaşırlar. Amma belə yanaşma doğru deyil. Ona görə də, bu sahədə maarifləndirmə işi gücləndirilməlidir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, hazırda pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır: “Məlumdur ki, TƏBİB tərəfindən pandemiya ilə əlaqədar ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün metodiki göstərişlər, qaydalar işlənilib hazırlanıb. Əlbəttə ki, bu maarifləndirmə işləri böyük əhəmiyyət kəsb edir. Əgər obyekt sahibləri, vətəndaşlar həmin metodiki göstərişlərə və qaydalara əməl edərlərsə infeksiyaya yoluxma halları da minimum səviyəyyə enə bilər. Ona görə də, bu qaydalara mütləq qaydada riayət etməlidir. Bu mənada, burada maarifləndirmə işlərinin rolu böyükdür və hazırkı şəraitdə maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir”.

YAP İdarə Heyətinin üzvü söyləyib ki, infeksiyaya yoluxma hallarının artmasının qarşısını almaq məqsədilə Operativ Qərargah müvafiq yerlərdə tibbi maskalardan istifadənin zərurliyi haqqında qərar qəbul edib. Eyni zamanda, Azərbaycanda epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Milli Məclis tərəfindən bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Deputat deyib ki, belə bir təcrübə dünya ölkələrində də mövcuddur. Uzun müddətdir ki, ayrı-ayrı ölkələrdə tətbiq olunan qaydaların pozulmasına, xüsusilə fərdi qoruyucu vasitələrdən istifadə etməməyə görə yüksək məbləğdə cərimələr, hətta həbs cəzas da tətbiq olunur. əslində, cərimələrin tətbiq olunması vətəndaşların məsuliyyətini artıracaq və bununla da infeksiyaya yoluxma halları da azalacaq.

“Burada vacib məqamlardan biri də ictimai qınaq məsələsidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. Ona görə də, prosesə ictimai nəzarət və ictimai qınaq vacib şərtlərdən biridir. Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir”-deyə, E.İbrahimov vurğulayıb. yap.org.az