"ABŞ-da baş verənləri xaos adlandıra bilmərik" ÖZƏL-MÜNASİBƏT

3 İyun 2020 10:37 (UTC+04:00)

“ABŞ-da qaradərililərə qarşı təqiblər, ikili standartlar mövcuddur və son proseslər məhz buradan qaynaqlanır”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, ABŞ-da qaradərili Corc Floydun polis zorakılığına məruz qalaraq həyatını itirməsi ölkənin 18 şatatında və 25 böyük şəhərində etiraz aksiyalarına səbəb olub: “Düzdür, ABŞ-da hazırda baş verənləri xaos adlandıra bilmərik. Lakin bir çox ştatda, ümumiyyətlə, ABŞ-ın bir çox şəhərlərində aksiyaların keçirilməsi vəziyyətin gərginliyindən xəbər verir. Təəssüf ki, XX əsrdə olduğu kimi, bu gün də qaradərililərə qarşı təqiblər və ikili standartlar mövcuddur. Bunun əksini iddia edənlər yanılır. ABŞ-da bu gün də qaradərililərə qarşı ciddi şəkildə təzyiq var. Baxmayaraq ki onların bir qismi yüksək dövlət kürsülərində yer tutur, yenə də onlara qarşı münasibətdə ayrı-seçkilik edilir. Halbuki, Amerikanın ağdərili sakinləri, ayrı-ayrı şəxslər heç də buranın yerli sakinləri deyillər. Onlar müxtəlif əsrlərdə buraya köç ediblər”.