"Ağ Ev" etirazçılar tərəfindən mühasirəyə alınıb ABŞ-da

3 İyun 2020 10:29 (UTC+04:00)

Komendat saatının tətbiq olunmasına baxmayaraq, Vaşinqtonda "Ağ Ev"in ətrafında etirazlar davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, binanın damından izdihamı izləyən polis etirazçılara qarşı heç bir tədbir görmür.

Etirazçıların şüarları tətbiq olunan komendant saatı əleyhinə yönəlib. İzdiham prezident Donald Trampın istefasını və polis tərəfindən tutularkən öldürülən Corc Floydun işində ədalət tələb edir.

Pentaqon Vaşinqton yaxınlığındakı əraziyə təxminən 1,6 min əsgər yerləşdirib. Hərbi bazalarda yerləşdirilən əsgərlər yüksək hazırlıq vəziyyətindədirlər.

Qeyd edək ki, ABŞ-da ixtişaşlar afroamerikalı Corc Floydun polis tərəfindən tutularkən öldürülməsindən sonra başlayıb. Etirazlar nəticəsində 300 nəfər həbs olunub.